RƏSMİ XRONİKA
ALMANİYANIN AZƏRBAYCANDAKI SƏFİRİ KLAUS QREVLİXİN ÇIXIŞI
Cənab nazirlər!
Xanımlar və cənablar!
Əziz dostlar!
Almaniyanın Birləşməsi günündən – 3 oktyabrdan bir gün öncə burada “Eupec-Azərbaycan” birgə müəssisəsinin açılışında mənə söz verdiyinizə görə təşəkkürümü bildirirəm.
“Eupec-Azərbaycan” boruörtükləmə zavodunun ərsəyə gəlməsi Azərbaycan-Almaniya əməkdaşlığının bariz mücəssəməsidir. Burada payların 50 faizi “Azpetrol”a, 50 faizi isə Almaniyanın “Eupec” şirkətinə məxsusdur. “Eupec” Almaniyanın “Mannesman” şirkətlər qrupunun üzvlərindən biridir və bu qrupda Fransanın da kapitalı mühüm əhəmiyyət kəsb edir. “Eupec-Azərbaycan” təkcə Almaniya-Azərbaycan dostluğunun deyil, həm də Almaniya-Fransa dostluğunun rəmzidir və mən burada Fransanın Bakıdakı səfiri xanım Puareni salamlamaq istəyirəm. O, mənim çox etibar etdiyim həmkarlarımdan biridir.
Mən qısa çıxışımda əsas üç məqama toxunmaq istəyirəm. Birincisi, bu müəssisənin texnoloji və sahibkarlıq qabiliyyəti, ikincisi, sahibkarlığın cəmiyyət üçün əhəmiyyəti və üçüncüsü, Azərbaycanın gələcək inkişaf perspektivləri. “Eupec-Azərbaycan” Almaniya ilə Azərbaycan arasında iqtisadi inkişafda ən mühüm yeri olan müəssisələrdən biridir. Bizim “Eupec-Azərbaycan”ın, “Azpetrol” və bp şirkətlərinin ahəngdar şəkildə göstərdikləri sahibkarlıq qabiliyyətlərinə böyük hörmətimiz vardır.
Əvvəllər sahibkarlıqdan danışılanda kapital, torpaq və işçi qüvvəsi əsas istehsal amilləri sayılırdı. İndi bu gün buna tam əminliklə texnologiyanı da əlavə etmək olar. Əvvəllər texnologiya kapital axtarırdısa, bu gün tamamilə başqa cürdür, kapital texnologiyanı axtarır. “Eupec- Azərbaycan” yüksək texnologiyaya malik olan bir müəssisədir. Yüksək texnologiya ilə bərabər, yüksək səviyyəli, səriştəli iş adamlarının, sahibkarların da böyük rolu var. Mən bu gün şərəf duyuram ki, burada Piter Blümeni və çox yüksək səviyyəli işgüzarlıq qabiliyyəti göstərmiş “Azpetrol”un rəhbəri Rafiq Əliyevi salamlayıram.
“Eupec-Azərbaycan” müəssisəsi ölkənizin gələcək inkişaf perspektivlərinə çox ahəngdar şəkildə qoşulur. Azərbaycan hökumətinin yeritdiyi düzgün siyasət nəticəsində, hüquqi dövlət, bazar iqtisadiyyatının inkişafı üçün yeritdiyi siyasət sayəsində “Eupec-Azərbaycan” müəssisəsinin ərsəyə gəlməsi mümkün olmuşdur. Bu işdə Almaniya-Azərbaycan iqtisadi əməkdaşlıq şurasının da böyük rolu olubdur. O, “Eupec-Azərbaycan”ın ərsəyə gəlməsində, eləcə də Azərbaycanın gələcəkdə də iqtisadi inkişaf siyasətinin həyata keçirilməsində yaxından iştirak edir.
Azərbaycan təkcə özü üçün yox, bütün region üçün əhəmiyyətli ölkə kimi get-gedə daha çox tanınır. Bakı Xəzər bölgəsinin mərkəzinə çevrilir. Burada həm ticarət yolları, həm də bütün kommunikasiyalar kəsişir. Burada Qafqazın və Mərkəzi Asiyanın bütün sənaye sistemləri birləşir. Nə Almaniyanın, nə də Avropanın digər ölkələrinin müəssisələri Azərbaycan iqtisadiyyatında daha yaxından iştirak etməkdə tərəddüd etməməlidirlər. Çünki burada iqtisadi inkişaf perspektivləri daha genişdir. Xəbər verə bilərəm ki, Almaniyadan sənaye ilə bağlı bir nümayəndə heyəti Azərbaycana gələcəkdir.
Cənab Baş nazir, Prezidentin həyata keçirdiyi iqtisadi siyasət proqramları vasitəsilə həm yerli, həm də beynəlxalq müəssisələrin ölkənin iqtisadi inkişafında iştirakı üçün əlverişli şərait yaradılmışdır. İndi məsələ ondadır ki, qəbul olunan qərarlar həyata keçirilsin, kağız üzərində qalmasın. Nazir Fərhad Əliyevin rəhbərliyi ilə sərmayələrə dair konfrans keçirilmişdir və ümid edirəm ki, Azərbaycana sərmayə qoyuluşuna daha yaxşı şərait yaranacaqdır. Demək istəyirəm ki, investisiyaların inkişafı üçün ən böyük yardım hüquqi dövlət və bazar iqtisadiyyatıdır. Bu yolda Almaniya Azərbaycana həmişə kömək etməyə hazırdır. Təşəkkür edirəm.
X X X
Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev mərasimdə çıxış etdi.