SİYASƏT
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN MƏLUMATI
Mayın 16-da əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev Azərbaycan Respublikasına rəsmi səfərə gəlmiş Beynəlxalq Əmək Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru cənab Fridrix Butleri qəbul etmişdir.
Qonağı səmimi salamlayan nazir bu görüşdən məmnun olduğunu bildirdi. O dedi ki, Azərbaycan artıq 10 ildir ki, müstəqillik əldə etmişdir.
Torpaqlarının 20 faizi işğal altında olan respublikamızın məşğulluq problemlərindən geniş söhbət açan nazir, bu problemlərin ölkəmizdə sosial duruma mənfi təsir göstərdiyini vurğuladı. O bildirdi ki, həmin problem əsasən Ermənistanın ölkəmizə təcavüzü nəticəsində torpaqlarımızın işğal edilməsi və işğal olunmuş ərazilərdə 300 mindən artıq iş yerinin itirilməsi nəticəsində yaranmışdır.
Nazir dedi ki, 2000-ci ildən Avropa Şurasının üzvü olan Azərbaycan öz siyasi, iqtisadi və dövlət idarəetmə sistemini Avropa standartlarına uyğun qurmaqla nailiyyətlər əldə edir.
Azərbaycana gəlişindən məmnun qaldığını və səmimi qəbula görə minnətdarlığını bildirən cənab Fridrix Butler ölkəmizdə gedən islahatlar haqqında verilən məlumata görə öz təşəkkürünü bildirdi. O, Azərbaycanda beynəlxalq standartlara müvafiq yeni iqtisadi sistemin qurulmasını, Ermənistanın təcavüzü nəticəsində meydana gələn problemlərin olmasına baxmayaraq, Azərbaycanın BƏT ilə əməkdaşlığının durmadan inkişaf etməsini müsbət qiymətləndirdi.
Əli Nağıyev Beynəlxalq Əmək Təşkilatına üzv olan islam ölkələrinin 2003-cü ildə Bakı şəhərində konfransının keçirilməsi təklifi ilə çıxış etdi. Görüşdə hər iki tərəf vurğuladı ki, qloballaşma probleminin bugünkü qədər aktual olduğu zamanda belə bir konfransın Bakıda keçirilməsi BƏT-in və region dövlətlərinin maraqlarına xidmət edə bilər və bu konfransdan müsbət nəticələr gözləmək mümkündür.
Görüşün sonunda qonağa Azərbaycanın milli arnomentlərini özündə əks etdirən hədiyyələr təqdim edildi.