ELM VƏ TƏHSİL
AMEA YTP və STEPI-nin birgə icra etdiyi layihə ilə bağlı onlayn mühazirə dinlənilib
Bakı, 17 iyun, AZƏRTAC
AMEA Yüksək Texnologiyalar Parkı (YTP) və Koreya Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI) tərəfindən birgə həyata keçirilən “Azərbaycanda YTP-nin istismar proqramı: tətbiq və potensialın artırılması” layihəsi çərçivəsində “Bilik laboratoriyası” formatında 4-cü onlayn mühazirə keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, Seul Milli Elm və Texnologiya Universitetinin vitse-prezidenti, professor Gong Su Şim “Startap və inkubasiya siyasəti” mövzusunda mühazirəni təqdim edərək, müştəri araşdırmasına əsaslanan texnologiya startapları və metodları, laboratoriya əsaslı startap təhsili və onun nəticələri, eləcə də əqli mülkiyyət texnologiyaları haqqında ətraflı məlumat verib.
Qeyd edək ki, professor Şim Koreyanın Hanyang Universitetində bakalavr və magistratura pillələri üzrə təhsil alıb, Koreya Universitetində ona fəlsəfə doktoru elmi dərəcəsi verilib. O, ABŞ-ın Corc Vaşinqton və Kolumbiya universitetlərində innovasiya kurslarını bitirib. Alim innovasiya və sahibkarlıq sahələri üzrə 30 illik təcrübəyə malikdir.
Tədbir zamanı, həmçinin Koreya Respublikasında həyata keçirilən müxtəlif startap proqramları (“Lean Startup”, “NSF I-Corps” və s.), ABŞ təcrübəsi əsasında qlobal bazarda uğur qazanmış startap nümunələri və texnologiyaların kommersiyalaşdırılması üsullarına dair zəruri məlumatlar diqqətə çatdırılıb.
Onlayn mühazirədə ali təhsil müəssisələrinin, dövlət və özəl sektorun nümayəndələri iştirak ediblər. Daha sonra Azərbaycanda müvafiq sahədə həyata keçirilən işlər və mövcud problemlər barədə ətraflı fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.