ELM VƏ TƏHSİL


AMEA-da Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyi qeyd olunub

Bakı, 6 dekabr, AZƏRTAC

Dekabrın 6-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Dövlət mükafatı laureatı, 1-ci dərəcəli “Əmək” ordenli Tahir Salahovun anadan olmasının 90 illiyinə həsr edilən elmi sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli rəssamın yaradıcılığını yüksək qiymətləndirib, xüsusilə müstəqillik dövründə dekorativ sənətin inkişafında əldə etdiyi nailiyyətləri diqqətə çatdırıb.

Tahir Salahovun yaratdığı dəyərli sənət nümunələrindən, yaradıcılıq üslubundan söz açan akademik qeyd edib ki, görkəmli rəssamın əsərləri mövzu və janr zənginliyi, bədii forma əlvanlığı ilə seçilir. Böyük sənətkarın yaradıcılığı dünya mədəni irsində də öz layiqli yerini tutub. Özünəməxsus yaradıcılıq üslubu olan Tahir Salahovun əsərləri dünyanın bir çox muzey və qalereyalarının salonlarını bəzəyir.

Sonra Xalq rəssamı Ağəli İbrahimov dünya şöhrətli fırça ustasının Azərbaycan incəsənətinə verdiyi töhfələrdən danışıb, yubilyara yaradıcılıq fəaliyyətində uğurlar arzulayıb.

Tədbirdə Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Ertegin Salamzadə “Sənətçinin əsərlərində Roman mədəniyyətinin təzahürü” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə qeyd olunub ki, Tahir Salahovun yaradıcılığında İtaliya, Fransa, İspaniya, Meksika və digər Roman ölkələrinin mədəniyyəti xüsusi yer tutur.

Sonra institutun əməkdaşları dosent Xəzər Zeynalov və sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülrəna Mirzə rəssamın yaradıcılığının xarakterik xüsusiyyətlərindən və onun qiymətli, qlobal əhəmiyyətli bədii irsindən bəhs ediblər.

Sonda Tahir Salahov tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Qeyd edək ki, tədbir AMEA-nın Humanitar Elmlər Bölməsinin və Memarlıq və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.