ELM VƏ TƏHSİL
AMEA-nın Dilçilik İnstitutu Makedoniyanın Beynəlxalq Vizyon Universiteti ilə əməkdaşlıq edəcək
Bakı, 2 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu Makedoniyanın Skopye Kiril və Metodiy Universitetində təşkil olunan “Divan ədəbiyyatı nümayəndələri” adlı konfransda iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransda azərbaycanlı alimin “Füzuli yaradıcılığı və türk dünyasında yeri” mövzusunda məruzəsi dinlənilib. O, həmçinin Makedoniyanın Qostivar şəhərində yerləşən Beynəlxalq Vizyon Universitetində Xocalı faciəsinin 28-ci ildönümü münasibətilə “Xocalı soyqırımı” mövzusunda məruzə ilə çıxış edib.
Sonra Dilçilik İnstitutu ilə Beynəlxalq Vizyon Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb. Müqavilədə linqvistik araşdırmalar sahəsində birgə tədqiqatlar, qarşılıqlı kitab mübadiləsi, görüşlər keçirilməsi, magistr və doktorantların Bakı və Üsküp şəhərlərində təcrübə məsələsi öz əksini tapıb.