ELM VƏ TƏHSİL
AMEA-nın Genetik Ehtiyatlar İnstitutu Aqrar Elm və İnnovasiya Mərkəzi ilə birgə tədqiqatlar aparacaq
Bakı, 28 fevral, AZƏRTAC
AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun (GEİ) direktoru, akademiyanın müxbir üzvü Zeynal Əkpərov Kənd Təsərrüfatı Nazirliyi (KTN) Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru İmran Cümşüdov və qurumun əməkdaşları ilə görüşüb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüşdə iki qurum arasında birgə fundamental və tətbiqyönümlü elmi tədqiqat işlərinin, həmçinin konfrans və seminarların təşkili məsələləri geniş müzakirə olunub.
Direktor Zeynal Əkpərov bildirib ki, rəhbərlik etdiyi elmi müəssisə ilə KTN-in Əkinçilik, Tərəvəzçilik, Heyvandarlıq, Baytarlıq, Meyvəçilik və Çayçılıq və digər elmi-tədqiqat institutları arasında müqavilələr imzalanıb və birgə layihələr icra edilir.
Sonra institutun Biotexnologiya, Dənli taxıl və paxlalı bitkilər, Meyvə bitkiləri, Texniki bitkilər və Kənd təsərrüfatı heyvanlarının genetik ehtiyatları şöbələrinin müdirləri KTN-in müvafiq elmi tədqiqat institutları ilə birgə həyata keçirilə biləcək işlər haqqında təkliflərini səsləndiriblər.
İmran Cümşüdov GEİ ilə koordinasiyalı şəkildə işləmək üçün geniş imkanlar olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, birgə elmi tədqiqat işi aparmaqla qısa müddət ərzində bazarın tələbinə uyğun yeni sortlar yaratmaq mümkündür və bu istiqamətdə KTN-in müxtəlif institutları birgə işləmək niyyətindədir.
Görüşdə, həmçinin birgə konfrans, təlim və seminarların təşkili üzrə səsləndirilən təkliflər yüksək qiymətləndirilib.
Sonda birgə tədqiqatların aparılması üçün koordinasiya şurasının yaradılması və məqsədyönlü layihələr hazırlanması qərara alınıb.