ELM VƏ TƏHSİL
AMEA-nın Naxçıvan Bölməsində yeni nəşrlərin təqdimatı olub
Bakı, 13 sentyabr, AZƏRTAC
AMEA-nın Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun yeni nəşrlərinin - “Eynəli bəy Sultanov və folklor”, “Hüseyn Cavid və folklor”, “Azərbaycanda ingilis dili qrammatikasının tədqiqi tarixi” və “Azərbaycan ədəbiyyatında milli düşüncə konsepsiyası və azərbaycançılıq ideologiyası” monoqrafiyaların təqdimat mərasimi keçirilib. Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.
Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev institutun əməkdaşlarının son illərdə müxtəlif istiqamətlərdə sanballı еlmi əsərlər, o cümlədən dəyərli monoqrafiyalar, kitablar çap etdirdiklərini deyib. Bildirib ki, təqdimatı keçirilən dörd monoqrafiya müəlliflərin apardığı məhsuldar tədqiqatların uğurlu nəticəsidir.
İclasda institutun musiqi və teatr şöbəsinin böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ələkbər Qasımov, filologiya üzrə fəlsəfə doktorları Zülfiyyə İsmayıl, Əli Həşimov və Nuray Əliyeva monoqrafiyalarla bağlı məruzə ilə çıxış ediblər.
Sonda məruzələr ətrafında müzakirələr aparılıb.