ELM VƏ TƏHSİL
AMEA-nın magistraturasına ən çox müraciət İnformasiya Texnologiyaları İnstitutunda qeydə alınıb
Bakı, 9 sentyabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, bu il yüksək biliyə malik və elmi-tədqiqat fəaliyyəti ilə məşğul olmağa həvəsli bakalavrların seçilməsi məqsədilə 2016/2017-ci tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasına müsahibə keçirilib. Müsahibədə AMEA-nın 21 institutu üzrə 611 nəfər iştirak edib, 56 nəfər isə qəbul olunub. Ən çox müraciət isə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda (84 nəfər) qeydə alınıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, magistraturaya bir plan yerinə ərizə verənlərin orta sayı 28 nəfər olub. Bu, akademiya üzrə ən yüksək göstərici hesab olunur. İnformasiya Texnologiyaları İnstitutuna 2016/2017-ci tədris ili üçün keçirilmiş müsabiqədə “249178 – kompyuter mühəndisliyi”, “249186 – informasiya mühafizəsi və təhlükəsizliyi”, “249161 – kompyuter sistemlərinin və şəbəkələrinin proqram təminatı” ixtisasları üzrə üç yer ayrılıb. Bakı Dövlət Universitetinin tələbələri Əmirxanlı Cabir, Elşən Bağırov və Şəlalə Mansurova qeyd olunan ixtisaslar üzrə magistrant adını qazanıblar. Bununla yanaşı, AMEA-nın magistratura pilləsinə qəbul olmuş bütün magistrantlara İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində informatika, ingilis dili, psixologiya, pedaqogika kimi ümumi fənlər üzrə nəzəri və praktiki dərslər tədris olunur.