CƏMİYYƏT
AQTA yanında İctimai Şuranın fəaliyyətinin perspektivləri müzakirə olunub
Bakı, 11 sentyabr, AZƏRTAC
Ölkəmizdə qida təhlükəsizliyinin təmin olunmasında vətəndaş cəmiyyəti institutlarının iştirakçılığını təmin etmək məqsədilə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın fəaliyyətinin təşkili ilə əlaqədar müvafiq işlər görülür. Bu sahədə həyata keçirilən tədbirlər çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Agentlik yanında İctimai Şuranın sədri Nazim Səfərovla görüşüb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsində vətəndaş cəmiyyətinin dəstəyi, ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi və əhali arasında maarifləndirmə tədbirlərinin genişləndirilməsində İctimai Şuranın fəaliyyətinin əhəmiyyəti, qida təhlükəsizliyi ilə əlaqədar məsələlərin ictimai müzakirəsinin daha səmərəli təşkilinə xidmət göstərəcəyi qeyd olunub.