CƏMİYYƏT
“ASAN Check-up” ürək-damar xəstəlikləri riskini müəyyənləşdirir
Bakı, 15 fevral, Günel Məlikova, AZƏRTAC
Paytaxtın bütün “ASAN xidmət” mərkəzlərində Respublika Müalicəvi Diaqnostika Mərkəzi (RMDM) tərəfindən “Sağlam həyata dəstək” devizi altında vətəndaşlara “ASAN Check-up” xidməti göstərilir.
Bu barədə AZƏRTAC-a məxsusi müsahibəsində RMDM-də fəaliyyətə başlayan yeni müayinə-müalicə xidmətinin dietoloqu Almaz Paşayeva geniş məlumat verib.
A.Paşayeva deyib: “Tətbiq etdiyimiz bu sistem vasitəsilə sağlam fərddən sağlam cəmiyyət yaratmaq niyyətindəyik. Müayinə ac və ya tox olmaqla, barmaqdan cüzi miqdarda qanalma (29 aclıq, 25 toxluq meyarı üzrə), boy, bədən analizi, qan təzyiqi və hərarətin ölçülməsi ilə həyata keçirilir. Sistem on illik ürək-damar xəstəlikləri riskini də müəyyənləşdirir.
Burada əsas məsələ bu sistem vasitəsilə sağlam həyat tərzini əhaliyə aşılamaqdır. Bu müayinələrdən ildə ən azı iki dəfə keçmək lazımdır. Müayinə olunduqda yeddi dəqiqə müddətində müayinələrin cavabları avtomatik həm vətəndaşın mobil telefonuna, həm də e-mail ünvanına göndərilir və www.saglikliyasamadestek.com portalında yaradılan şəxsi hesabına qeyd edilir. Sistem şəxsin səhhətində problem aşkar edərsə, şəxsi xəbərdar etməklə yanaşı tövsiyələr də verir. Portal üzərindən əvvəllər ölçülən sağlamlıq parametrlərinin gedişatını qrafik şəkildə izləmək mümkündür. Sistem artıq “ASAN xidmət” mərkəzləri ilə yanaşı Respublika Müalicəvi Diaqnostika Mərkəzində də işə salınıb. Onu da qeyd edim ki, bu sistemlə yanaşı mərkəzdə həm də dietoloji xidmət göstərilməyə başlayıb”.
Qeyd edək ki, “ASAN Check-up” xidmətindən istifadə etmək üçün vətəndaş şəxsiyyət vəsiqəsi ilə paytaxtda fəaliyyət göstərən istənilən “ASAN xidmət” mərkəzinə və RMDM-ə müraciət edə bilər.