İQTİSADİYYAT


ASCO “Caspian Ecology 2018” sərgisində xüsusi stendlə təmsil olunur

Bakı, 14 noyabr, AZƏRTAC

Bir çox yerli və beynəlxalq təşkilatların iştirak etdiyi “Bakı Ekspo Mərkəzi”ndə keçirilən IX Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology 2018” sərgisində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) xüsusi stendlə təmsil olunur.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, sərginin açılış günündə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ASCO-nun stendi ilə yaxından tanış olub. Nazirə məlumat verilib ki, builki sərgidə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilk dəfə olaraq yenilənmiş ASCO brendi ilə təmsil olunur. Qeyd edilib ki, ətraf mühitin qorunması ASCO üçün əsas davamlı inkişaf meyarlarından biridir. ASCO gəmilərin istismarı və sahil obyektlərinin fəaliyyəti nəticəsində yaranan neftli şlamların, işlənmiş yağların, digər maye və bərk tullantıların su mənbələrinə, qrunta və havaya ekoloji mənfi təsirlərinin minimuma endirilməsini daim diqqət mərkəzində saxlayır. Əməliyyatlar zamanı ətraf mühitə zərərin vurulmaması üçün mövcud imkanlar daxilində zəruri qabaqlayıcı tədbirlər görülür.

Bundan başqa, vurğulanıb ki, gəmiçiliyin donanmaları davamlı olaraq bütün ekoloji standartlara cavab verən yeni gəmilərlə zənginləşir. Hazırda Bakı Gəmiqayırma Zavodunda tikilən iki ədəd unikal “Ro-Pax” tipli gəmi-bərə və iki yeni nəsil tanker də ekoloji nöqteyi-nəzərdən beynəlxalq tələb və normalara tam cavab verəcək.

Qeyd edək ki, ASCO-nun stendində ziyarətçilərə maketlər, şəkillər, çap məhsulları, videoçarxların köməkliyi ilə gəmiçiliyin göstərdiyi xidmətlər və fəaliyyəti haqqında məlumat verilir. Bundan başqa, ətraf mühitin mühafizəsi istiqamətində aparılan ekoloji proseslərin gəmiçilikdə necə həyata keçirildiyi əyani nümayiş olunur.

Sərginin əsas məqsədlərindən biri insanların diqqətini ətraf mühit problemlərinə cəlb etməkdir. Təşkilatçılar bildirir ki, bu sərgi Xəzər və Qafqaz regionlarında ekologiya və ətraf mühitin mühafizəsi sahəsində təşkil edilən ən iri tədbirdir.

Üç gün davam edəcək “Caspian Ecology 2018” beynəlxalq sərgisi işgüzar əlaqələrin genişlənməsinə, təcrübə mübadiləsinə kömək edəcək, ətraf mühitin yaxşılaşdırılması istiqamətində aparılan işə əlavə təkan verəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.