SİYASƏT
ATƏT NÜMAYƏNDƏLƏRİ UKRAYNADA PREZİDENT SEÇKİLƏRİNİ MÜŞAHİDƏ EDƏCƏKLƏR
AZƏRTAC-ın Ukrinformdan aldığı xəbərə görə, bunu Ukraynada səfərdə olan ATƏT-in baş katibi Yan Kubiş jurnalistlərlə söhbətində bildirmişdir.
Onun sözlərinə görə, o, artıq müşahidəçilərin Ukrayna prezidentinin seçkilərində iştirakına dəvətin təsdiqini almışdır. Lakin rəsmən təsdiq ATƏT-ə bir qədər sonra göndəriləcəkdir. Yan Kubiş onu da qeyd etmişdir ki, müşahidəçilər Ukraynaya xeyli əvvəl gələcək və seçki prosesini uzun müddət izləyəcəklər.
Ukrayna xarici işlər nazirinin müavini Oleq Şamşur isə vurğulamışdır ki, müşahidəçilərin Ukraynaya gəlməsi üçün ölkə parlamentinin razılığı olmalıdır və Prezident Leonid Kuçma artıq Ukraynanın ATƏT-lə əməkdaşlığa hazır olduğunu təsdiq etmişdir.