İQTİSADİYYAT
AZAL və “Buta Airways”in sərnişinləri Ramazan bayramında pulsuz baqaj yeri əldə edəcək
Bakı, 25 may, AZƏRTAC
Ramazan bayramında AZAL və “Buta Airways” aviaşirkətlərinin 15 və 16 iyun 2018-ci il tarixində yerinə yetiriləcək bütün reyslərinin sərnişinlərə bir ədəd qeydiyyatdan keçən baqaj yeri pulsuz təqdim olunacaq.
AZAL-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Azərbaycan Hava Yolları”nın reyslərində sərnişinlər aviabiletin tarifindən asılı olaraq əldə edəcəklər.
Ekonom-sinif - tarifə daxil olan 23 kiloqrama qədər bir baqaj yeri +23 kiloqrama qədər bonus;
Biznes sinif - tarifə daxil olan hər biri 32 kiloqrama qədər iki baqaj yeri +23 kiloqrama qədər bonus;
Comfort Club - tarifə daxil olan hər biri 32 kiloqrama qədər iki baqaj yeri +23 kiloqrama qədər bonus;
VIP Club - tarifə daxil olan hər biri 32 kiloqrama qədər üç baqaj yeri +23 kiloqrama qədər bonus.
AZAL aviaşirkətinin qaydalarına əsasən, üç ölçünün cəmi üzrə baqajın qabaritləri 158 santimetrdən çox olmamalıdır.
Milli loukoster “Buta Airways”in reyslərində sərnişinlər aviabiletin tarifindən asılı olaraq əldə edəcəklər:
“Büdcə” tarifi - 23 kiloqrama qədər bir yer bonus pulsuz baqaj;
“Standart” tarifi - tarifə daxil olan 10 kiloqrama qədər bir baqaj yeri +23 kiloqrama qədər bonus
“Super” tarifi - tarifə daxil olan 23 kiloqrama qədər bir baqaj yeri +23 kiloqrama qədər bonus.
“Buta Airways” aviaşirkətinin qaydalarına da əsasən, üç ölçünün cəmi üzrə baqajın qabaritləri 158 santimetrdən çox olmamalıdır.
Baqajın daşınması qaydaları haqqında əlavə məlumatı AZAL https://www.azal.az/az/information/baggage və “Buta Airways” aviaşirkətlərinin https://www.butaairways.az/az/information/baggage saytlarında əldə etmək olar.