SİYASƏT
AZƏRBAYCANDAKI DİNİ İCMALARIN VƏZİYYƏTİ İNGİLTƏRƏDƏ MÜZAKİRƏ EDİLƏCƏKDİR
İngiltərə parlamentinin və Azərbaycanın bu ölkədəki səfirliyinin təşəbbüsü ilə Böyük Britaniyanın Lordlar Palatasında “Azərbaycanda dini durum” mövzusunda seminar keçiriləcəkdir. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Rafiq Əliyev AZƏRTAC-a bildirmişdir ki, martın 3-dən 7-dək davam edəcək tədbirdən əsas məqsəd Azərbaycanda dini etiqad azadlığı və milli azlıqların hüquqlarının qorunması barədə beynəlxalq təşkilatlara və ictimaiyyətə ətraflı məlumat verməkdir. Bəzi ölkələrin ekspertləri guya Azərbaycanda milli azlıqların və dini icmaların hüquqlarının pozulması barədə yalan məlumatlar yayırlar. Lordlar Palatasının 3 nəfər üzvü ötən il Azərbaycanda olmuş, rayonlarda yaşayan dini icmaların və milli azlıqların nümayəndələri ilə görüşmüş, onların vəziyyəti ilə yaxından maraqlanmışdılar. Ölkəmizdə dini etiqad azadlığının mövcudluğunu və milli azlıqların hüquqlarının yüksək səviyyədə müdafiə olunduğunu etiraf edən lordlar indi bu tədbiri keçirməklə bir növ Azərbaycanın həmin sahədə daha demokratik addımlar atdığını dünya ictimaiyyətinə çatdırmaq istəyirlər.