İQTİSADİYYAT
AZƏRBAYCANDA YOXSULLUĞUN AZALDILMASI VƏ MƏŞĞULLUQ SƏVİYYƏSİNİN YÜKSƏLDİLMƏSİ PROBLEMLƏRİ MÜZAKİRƏ EDİLMİŞDİR
Xarici və yerli iqtisadçı alimlərin, aparıcı mütəxəssislərin, əlaqədar dövlət orqanlarının, ictimai təşkilatların nümayəndələrinin iştirak etdikləri seminarı İqtisadi İslahatlar Mərkəzinin direktoru Rəhim Hüseynov açaraq müzakirəyə çıxarılan bu mühüm məsələ ilə bağlı ölkəmizdə dövlət proqramlarının həyata keçirildiyini, bu proqramlar çərçivəsində bir çox layihələrin yerinə yetirildiyini bildirdi. O, bir sıra ölkələrdə bu problemin həlli yollarını öyrənməyin maraq doğurduğunu və ölkəmiz üçün əhəmiyyətli olduğunu vurğuladı.
BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının nümayəndəsi Yevgeni German bir sıra ölkələrdə yoxsulluğun azaldılması ilə əlaqədar həyata keçirilən proqramlar və tədbirlər barədə məlumat verdi.
Seminarda UNESCAP-ın yoxsulluq və inkişaf bölməsinin iqtisadi məsələlər üzrə əməkdaşı Məhəmməd Malik Asiya və Sakit Okean ölkələrinin yoxsulluğu azaltmaq və məşğulluq səviyyəsini yüksəltmək sahəsində təcrübəsindən danışdı, yoxsulluğun yaranma səbəbləri və aradan qaldırılması yolları barədə ətraflı məlumat verdi.
Sonra İqtisadi İnkişaf Nazirliyi Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı (YAİİDP) Katibliyinin yoxsulluğun monitorinqi bölməsinin eksperti Elnur Abbaszadənin “Azərbaycanda yoxsulluğun dəyərləndirilməsi və monitorinqi” mövzusunda məruzəsi, “İctimai kapital və yoxsulluğun aradan qaldırılması: Malayziya təcrübəsinin bəzi məsələləri” barədə bu ölkənin İqtisadi Tədqiqatlar İnstitutunun nümayəndəsi Şankaran Nambiarın təqdimatı dinlənildi.
Seminarda Azərbaycanda yoxsulluğun və işsizliyin aradan qaldırılması məqsədi ilə həyata keçirilən tədbirlər və onların icra mexanizmi barədə də məlumat verildi. Qeyd edildi ki, aparılan monitorinqlər ölkəmizdə yoxsulluq səviyyəsinin tədricən azaldığını sübut edir. Seminar iştirakçıları Vyetnam və Çində yoxsulluğun azaldılmasına dair geniş təqdimatla da tanış oldular. Azərbaycanda yoxsulluq probleminin həllində həmkarlar ittifaqlarının yeri və vəzifələrinə də toxunuldu.
Aprelin 29-da seminar öz işini davam etdirir.