RƏSMİ XRONİKA


AZƏRBAYCANIN DÜNYA İQTİSADİYYATI İLƏ ƏLAQƏLƏRİNİN MÖHKƏMLƏNMƏSİNDƏ MÜHÜM MƏRHƏLƏ
RESPUBLİKA PREZİDENTİ HEYDƏR ƏLİYEVİN İSVEÇRƏYƏ SƏFƏRİ

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Davos şəhərində keçirilən Ümumdünya İqtisadi Forumunda iştirak etmək üçün yanvarın 27-də İsveçrəyə yola düşdü. Respublikanın rəhbərini bu səfərdə xarici işlər naziri Həsən Həsənov, dövlət müşaviri Vahid Axundov və digər rəsmi şəxslər müşayiət edirdilər.

Təyyarə həmin gün yerli vaxtla saat 15.30-da İsveçrənin Sürix şəhərinin beynəlxalq hava limanında yerə endi. Sürixdə sanki yazdır, temperatur müsbət 4 dərəcədir. Forumun keçirildiyi Davos şəhəri buradan 150 kilometr məsafədədir. Prezident Heydər Əliyevi və onu müşayiət edən şəxsləri aparan maşın karvanı təxminən bir saatlıq yol qət etdikdən sonra isə biz əsl qışla qarşılaşdıq. Hər yan dümağ qardır, lakin kurort şəhərində hava xoşdur.

Davosda bir qayda olaraq yerli əhalidən çox qonaqlar olur, indi də dünyanın əksər ölkələrindən bu şəhərə xeyli qonaq gəlib. Ənənəvi olaraq hər il yanvarın axırıncı həftəsi şəhərdə keçirilən Ümumdünya İqtisadi Forumunda bu il 30-dan çox ölkənin dövlət və hökumət başçıları iştirak edirlər. Dünyanın əksər ölkələrindən buraya nazirlər, şirkət rəhbərləri, bankirlər, maliyyə işçiləri, iş adamları da gəlmişlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin