SİYASƏT
AZƏRBAYCANIN SƏUDİYYƏ ƏRƏBİSTANI KRALLIĞINDAKI SƏFİRİ BU ÖLKƏNİN ALİ MÜKAFATINA LAYİQ GÖRÜLMÜŞDÜR
Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirinin diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar bu ölkənin xarici işlər naziri Səud Əl-Feysəlin adından ziyafət təşkil edilmişdir.
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə diplomatik korpusun duayeni, onun müavinləri və Asiya qrupuna daxil olan ölkələrin səfirləri iştirak etmişlər.
Səudiyyə Ərəbistanı XİN protokol idarəsinin rəisi Əbdülmühsin Marik Ər-Riyaddakı səfirliyimizin və şəxsən səfir Elman Araslının ölkələrimiz arasında əlaqələrin inkişafındakı xidmətlərini qeyd etmişdir. O, İki Müqəddəs Ocağın xadimi, kral Abdulla bin Əbdüləziz Al Səudun səfir Elman Araslını ölkənin ali mükafatı olan I dərəcəli “Kral Əbdüləziz” ordeni ilə təltif etdiyini bildirmişdir.
Ziyafətdən sonra səfir krallığın xarici işlər üzrə dövlət naziri Nizar Mədəni ilə görüşmüşdür.