MƏDƏNİYYƏT
“AZƏRBAYCANIN YENI TURİST MARŞRUTLARINI KƏŞF EDƏK” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ QUBADAN ŞAMAXIYA DAĞ YOLLARI İLƏ TURİZM MARŞRUTU AÇILACAQDIR
Bakı, 2 sentyabr (AZƏRTAC). Sentyabrın 3-dən 5-dək ”Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq ekstremal turizm növünün inkişafı, təbliği və 27 sentyabr - Dünya Turizm Günü ilə əlaqədar “Azərbaycanın yeni turist marşrutlarını kəşf edək” layihəsi çərçivəsində Qubadan Şamaxı rayonuna dağ yolları ilə turizm marşrutunun həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Bu barədə AZƏRTAC-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat vermişlər. Marşrut Mədəniyyət və Turizm Nazirliyi ilə Bakı Professional Off-Roaderlər Klubunun (club 4x4) birgə təşkilatçılığı, “MBASK” sığorta şirkətinin, “İnter diaqnostika” tibb mərkəzinin, “Nazlı bulaq” istirahət və “Dağlar qoynunda” ailəvi istirahət mərkəzlərinin dəstəyi, “Xəzər fast food” kafesinin və “Red Bull”un sponsorluğu ilə həyata keçiriləcəkdir.
Avtosafaridə daxili turizmlə məşğul olan şirkətlərin nümayəndələri ilə yanaşı, KİV təmsilçıləri də iştirak edəcəklər.
Tədbir sentyabrın 3-də 15.00 da KİV əməkdaşlarının iştirakı ilə Azadlıq Meydanından start götürəcəkdir.