CƏMİYYƏT
AZƏRBAYCANLI ALİM BEYNƏLXALQ MÜKAFATA LAYİQ GÖRÜLMÜŞDÜR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Türkiyənin Adana şəhərində azərbaycanlı alim, professor Adil Allahverdiyevə Beynəlxalq Rotarilər Cəmiyyətinin “Peşəkar xidmət mükafatı”ı təqdim olunmuşdur.
Alim bu mükafata, Dünya Səhiyyə Təşkilatının tropikal tədqiqatlar bölümünün 6 ciddi infeksyon xəstəlikdən biri elan etdiyi leyşemiya xəstəliyinin diaqnostikasında yeni metodun kəşfinə görə layiq görülmüşdür. Onun dünyanın tanınmış tibb nəşrlərindən olan “American Journal Tropical Medicine and Hygiene” jurnalında dərc edilmiş bu materialı bu sahədə çalışan elm adamlarının böyük marağına səbəb olmuşdur. Hazırda bu metod dünyanın müxtəlif laboratoriyalarında müvəffəqiyyətlə tətbiq edilməkdədir.
Mərasimdə çıxış edən Adil Allahverdiyev bu mükafatın Azərbaycan və Türkiyənin alimlərinin əməkdaşlığına, qardaş ölkədə işləyən azərbaycanlı alimlərə verilen yüksək qiymət kimi dəyərləndirmişdir.
Xatırladırıq ki, professor Adil Allahverdiyev İstanbul Yıldız Texniki Universitetinin biomühəndislik kafedrasında işləyir və burada hüceyrə quruluşu laboratoriyasına rəhbərlik edir. Alim döş vəzində bədxassəli şişlərin hüceyrələri üzərində yeni antileyşmanial və antikanserogen dərmanların ve vaksinlərin üzərində tədqiqatlar aparır .
Adil Allahverdiyev Azərbaycan Dövlət Tibb İnstitunu bitirmiş, Moskvada Seçenov adına Tibb Akademiyasında elmlər doktoru elmi adını almışdır. Bir çox beynəlxalq tibb təşkilatının üzvüdür. Alimin bir kitabı müxtəlif dillərə tərcümə edilmiş, 100-dən çox elmi məqaləsi dünyanın nüfuzlu tibb jurnallarında dərc olunmuşdur.