İDMAN
AZƏRBAYCAN AKROBATLARI İKİ GÜMÜŞ VƏ BİR BÜRÜNC MEDAL QAZANDILAR
Azərbaycanın idman akrobatikası komandası Oryol şəhərində Rusiyanın əməkdar məşqçisi K.Naumovanın Kuboku və Oryol Dövlət Teleradio Şirkətinin mükafatları uğrunda beynəlxalq yarışlarda iki gümüş və bir bürünc medal qazanmışdır. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Ayla Əhmədova və Dinarə Abbasovadan ibarət qadın cütlüyü turnirdə ikinci yeri tutmuşdur.
Nadejda Medvedeva, Türkan Şabanova və Dürdanə Zeynalovadan ibarət üçlük də həmin nəticəni göstərmişdir. Qarışıq duet – Çinarə Hümbətova və Arif Cəfərov fəxri kürsünün 3-cü pilləsinə qalxmışdır. İdmançılar sürətli və tarazlı təmrinləri yerinə yetirmiş, öz çıxışlarını isə uyğunlaşdırılmış kompozisiyalarla yekunlaşdırmışlar.
Akrobatlarımızın bu turnirdə iştirakı onların idman ustalığını artırmış və yarış təcrübəsi qazanmasına kömək etmişdir. Gələn il mayın ortalarında Fransada keçiriləcək idman akrobatikası üzrə dünya çempionatına hazırlıq baxımından indiki turnir əhəmiyyətli olmuşdur.