RƏSMİ XRONİKA
AZƏRBAYCAN BİRLƏŞMİŞ ŞTATLARLA ƏMƏKDAŞLIĞIN DAHA DA GENİŞLƏNDİRİLMƏSİNİ İSTƏYİR
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ABŞ SÜLH KORPUSUNUN NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Prezident İlham Əliyev ötən ilin oktyabrından ABŞ Sülh Korpusu ilə birlikdə Azərbaycanda həyata keçirilən və humanitar, təhsil və digər sahələri əhatə edən proqramı yüksək qiymətləndirdi. O, bu proqramı Birləşmiş Ştatlarla Azərbaycan arasında uğurla inkişaf edən əməkdaşlığın daha bir müsbət istiqaməti kimi dəyərləndirdi. Dövlətimizin başçısı ABŞ Sülh Korpusuna Azərbaycanda göstərdiyi fəaliyyətə görə təşəkkürünü bildirdi və təşkilatın üzvlərinə uğurlar dilədi.
Görüşdə iştirak edən ABŞ-ın ölkəmizdəki səfiri Rino Harniş Prezident İlham Əliyevə müraciətlə dedi: “Cənab Prezident, ilk olaraq, Sizi Strasburqdakı çox məzmunlu çıxışınıza görə təbrik edirəm. Sizin çıxışınız Avropa və Birləşmiş Ştatlarla əməkdaşlığa göstərdiyiniz böyük diqqəti bir daha nümayiş etdirmiş və çox yüksək qiymətləndirilmişdir”.
Səfir ABŞ Sülh Korpusunun Birləşmiş Ştatların Prezidenti Corc Buş tərəfindən dəstəkləndiyini və əsasən amerikalı könüllü gənclərdən ibarət olduğunu söyləyərək bildirdi ki, ABŞ hökumətinin dəstəyi ilə həyata keçirilən bu proqramın Azərbaycanda geniş vüsət alması Birləşmiş Ştatların ölkəmizlə və xalqımızla sıx əməkdaşlığa necə böyük əhəmiyyət verdiyinin bariz nümunəsidir.
Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu, ABŞ-ın Azərbaycan iqtisadiyyatının inkişafına, xüsusilə enerji və kommunikasiya layihələrinin həyata keçirilməsinə böyük kömək göstərdiyini xatırlatdı. O dedi ki, regionda təhlükəsizlik və əməkdaşlıq məsələlərində, Xəzərin enerji ehtiyatlarının işlənilməsində Birləşmiş Ştatların xüsusi rolu olmuşdur. Azərbaycan ABŞ-la əməkdaşlığın daha da genişləndirilməsini, xüsusilə humanitar və təhsil sahəsində əlaqələrin daha da güclənməsini istəyir. Dövlətimizin başçısı xüsusilə vurğuladı ki, inkişaf edən Azərbaycanda gənc və enerjili bir nəsil formalaşır. Biz bu gənc nəslin dünyada gedən proseslərdə fəal iştirak etməsini, ingilis dilini mükəmməl öyrənməsini istəyirik. Bu, təhsilin vacib elementlərindəndir.
Prezident İlham Əliyev ABŞ Sülh Korpusunun ölkəmizdə həyata keçirdiyi proqramların uğurla başa çatacağına əminliyini ifadə edərək, bir daha təşkilatın üzvlərinə müvəffəqiyyət arzuladı.
ABŞ Sülh Korpusunun direktoru Qəddi Vasgez təşkilatın fəaliyyəti barədə Prezident İlham Əliyevə ətraflı məlumat verdi. O bildirdi ki, Birləşmiş Ştatların sabiq Prezidenti Con Kennedi tərəfindən əsası qoyulmuş Sülh Korpusu müxtəlif ölkələr və xalqlar arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə, mədəniyyətlər arasında qarşılıqlı anlaşmaya xidmət edir. Qonaq Azərbaycanda həyata keçirdikləri proqramın humanitar və təhsil sahələrindən əlavə, kiçik sahibkarlığa kömək və müasir texnologiyaların tətbiqi məsələlərini də əhatə etdiyini bildirdi.
Sonda Qəddi Vasgez rəhbərlik etdiyi təşkilatın Azərbaycanda fəaliyyət göstərməsi üçün yaradılan şəraitə və yüksək qonaqpərvərliyə görə Prezident İlham Əliyevə təşəkkür etdi.
Qəbulda Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov iştirak edirdi.