SİYASƏT
AZƏRBAYCAN DAHA 8 ÖLKƏDƏ SƏFİRLİK AÇACAQDIR
Milli Məclisdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Azərbaycanın dünya ölkələri ilə əlaqələrinin daha da genişləndirilməsi və ölkəmizin haqq səsinin dünyaya çatdırılmasının səmərəliliyini artırmaq məqsədi ilə daha 8 ölkədə səfirlik açılacaqdır. Bu siyahıya Kanada, Hindistan, İndoneziya, Bolqarıstan, Macarıstan, Yunanıstan, Belarus, Latviya daxildir. Bundan əlavə, YUNESKO-nun Parisdəki iqamətgahında daimi nümayəndəliyimiz yaradılacaqdır.
Xarici ölkələrdə səfirliklərin yaradılması ilə bağlı qanun layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasında baxılmış və sənədin parlamentin müzakirəsinə çıxarılması qərara alınmışdır. Layihəyə Milli Məclisin aprelin 16-da keçiriləcək geniş iclasında baxılacağı gözlənilir.
Xarici İşlər Nazirliyindən isə AZƏRTAC-a bildirmişlər ki, hazırda Azərbaycanın xarici ölkələrdə 21 səfirliyi, 5 daimi nümayəndəliyi, 3 ofisi (Kanada, Belarus, Moldova), İstanbulda Baş konsulluğu və 2 fəxri konsulluğu (Livan, Sankt-Peterburq) fəaliyyət göstərir.