SİYASƏT
AZƏRBAYCAN GƏNCLƏRİ QARŞIDAKI PREZİDENT SEÇKİLƏRİNDƏ HEYDƏR ƏLİYEVİN NAMİZƏDLİYİNİ DƏSTƏKLƏYƏCƏKLƏR
BU FİKİR GƏNCLƏR TƏŞKİLATLARI NÜMAYƏNDƏLƏRİNİN MARTIN 28-DƏ KEÇİRİLƏN YIĞINCAĞINDA SƏSLƏNMİŞDİR
Martın 28-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının iclas salonunda ölkəmizdə fəaliyyət göstərən 26 gənclər təşkilatı nümayəndələrinin yıgıncağı keçirilmişdir.
Yığıncağa sədrlik edən Narkomaniya ilə Mübarizə Gənclər Təşkilatının sədri Zaur Adıgözəlov bildirdi ki, gənclərin böyük hissəsini əhatə edən bu təşkilatlar qarşıdakı prezident seçkilərində fəal iştirak etmək məqsədi ilə “Prezident seçkiləri - 2003” təbliğat qrupu yaratmışlar. Qrupun üzvləri Azərbaycan gəncliyinin bu günü və gələcəyi naminə qarşıdakı prezident seçkilərində görkəmli dövlət xadimi Heydər Əliyevin namizədliyinin irəli sürülməsi və geniş surətdə dəstəklənməsi barədə qərar qəbul etmişlər.
Azərbaycan Dövlət Neft Akademiyası Azad Tələbə Həmkarlar İttifaqının sədri Zəfər Qurbanov, Yeni Yazarlar və Jurnalistlər Birliyinin sədri Aydın Əbilov, Azərbaycan Texniki Universiteti Azad Tələbə Həmkarlar İttifaqının sədri Samirə Quliyeva, Beynəlxalq Azərbaycanlı Gənclər Təşkilatının sədri Asif İsmayılov və başqaları çıxış edərək, Azərbaycan Prezidenti Heydər Əliyevin ölkəmizin tərəqqisi, demokratiyanın inkişafı naminə xidmətlərindən ətraflı danışdılar. Bildirildi ki, dövlətimizin başçısının rəhbərliyi ilə ölkədə aparılan uğurlu siyasi, sosial-iqtisadi islahatlar, ardıcıl olaraq həyata keçirilən neft strategiyası Azərbaycanın gələcəyinin qurucusu olan gənclərin mənafelərinə xidmət edir.
Gənclərin nümayəndələri son illərdə idmanın inkişafına göstərilən diqqət və qayğını da məmnunluqla vurğuladılar. Onlar dedilər ki, gənclərin ümummilli lideri olan İlham Əliyevin bilavasitə rəhbərliyi ilə son illər bu sahədə qazanılmış uğurlar, çoxşaxəli fəaliyyətində gənclərə nümunə olan bu siyasətçinin Avropa Şurası Parlament Assambleyası sədrinin müavini və Büro üzvü seçilməsi gəncliyə böyük ruh verir və Azərbaycanın işıqlı gələcəyinə inamı daha da artırır. “Azərbaycan gəncliyi xoşbəxtdir ki, Heydər Əliyev kimi rəhbəri və İlham Əliyev kimi lideri var!”
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev gənclərin xalqımızın əvəzedilməz lideri Heydər Əliyevin yenidən prezidentliyə namizədliyinin irəli sürülməsi təklifini yüksək qiymətləndirdi.
Yığıncaq iştirakçıları Azərbaycan Prezidenti Heydər Əliyevə müraciət qəbul etdilər.