İDMAN
AZƏRBAYCAN GİMNASTI ANNA QURBANOVA İRKUTSKDA İKİ BÜRÜNC MEDAL QAZANMIŞDIR
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, iyunun 10-13-də Rusiyanın İrkutsk şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir keçirilmişdir. Yeddiqat dünya çempionu Oksana Kostinanın xatirəsinə həsr edilmiş yarışda ölkəmizi Anna Qurbanova təmsil etmişdir. Dünyanın 12 ölkəsində 32 gimnastın iştirak etdiyi turnirdə A.Qurbanova uğurlu nəticə göstərmişdir. Topla və lentlə hərəkətlərdə bürünc medal qazanan gimnastımız çoxnövçülükdə beşinci olmuşdur.
Birinci yeri rusiyalı Vera Sessina qazanmışdır. Qazax gimnastı Aliyə Yusupova ikinci, Rusiyanın digər idmançısı Svetlana Putinsova isə üçüncü yerləri tutmuşlar.
Turnirdə Azərbaycanı hakim qismində təmsil edən Larisa Sidirovanın verdiyi məlumata görə, yarışı yüksək səviyyədə keçirən A.Qurbanova ustalığını gündən-günə artırdığını nümayiş etdirmişdir.
Xatırladaq ki, Azərbaycan gimnastlarını qarşıda bir sıra beynəlxalq yarışlar gözləyir. İyunun 15-21-də İsraildə keçiriləcək Qran-Pri turnirində ölkəmizi Anna Qurbanova, Dina Qorina və Vəfa Hüseynova, iyunun 17-20-də İtaliyada təşkil olunacaq yarışda isə respublikamızı gimnastikamızın lideri Dinara Gimatova təmsil edəcəklər.