İDMAN
AZƏRBAYCAN İDMANÇILARI DÖYÜŞ ÇOXNÖVÇÜLÜYÜ ÜZRƏ DÜNYA ÇEMPİONATINDA DÖRD GÜMÜŞ, ÜÇ BÜRÜNC MEDAL QAZANMIŞLAR
AZƏRTAC xəbər verir ki, Ukraynanın Xarkov şəhərində döyüş çoxnövçülüyü üzrə birinci dünya çempionatı keçirilmişdir.
Beynəlxalq Hərbi İdman Çoxnövçülüyü İttifaqının bayrağı altında keçirilən yarışlarda Azərbaycanı baş məşqçi Rəsul Məmmədovun rəhbərliyi ilə ciu-citsu üzrə yığma komanda təmsil etmişdir.
Qaydalara əsasən, üç mərhələdən ibarət yarışlarda idmançılar əvvəlcə pnevmatik tapançadan 7 metrədək məsafədə yerləşən hədəflərə atəşaçma yarışlarında iştirak edirlər. Daha sonra əlbəyaxa döyüşdə qüvvəsini sınayan idmançılar, üçüncü mərhələdə soyuq silahla təkbətək döyüşdə yarışırlar.
Azərbaycan yığmasının heyətində Hüseyn Hüseynov (60 kq) 14-5 yaşlı idmançılar arasında ikinci, Natiq Əlizadə (70 kq) isə 16-17 yaşlı idmançılar arasında üçüncü yeri tutmuşlar.
Yaşlıların mübarizəsində İqbal Cahangirov (65 kq), Eldar Abdullayev (80 kq), Həsən Əliyev (95 kq-dan yuxarı) gümüş, Ceyhun Hüseynov (65 kq), Natiq Allahyarov (75 kq) isə bürünc medallara layiq görülmüşlər.