AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN DOSTLARI FONDUNUN PREZİDENTİ MEHRİBAN ƏLİYEVA YUNESKO-NUN BAŞ DİREKTORU İLƏ GÖRÜŞMÜŞDÜR
AzerTAg.az
Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya rəsmi səfəri çərçivəsində onun xanımı, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti Mehriban Əliyeva yanvarın 23-də Parisdə, YUNESKO-nun iqamətgahında bu beynəlxalq qurumun baş direktoru Koiçiro Matsuura ilə görüşmüşdür. Söhbət zamanı baş direktor xalqımızın ədəbi abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyi ilə bağlı YUNESKO-da keçirilmiş tədbiri xatırlatmış, Prezident Heydər Əliyevin görkəmli dövlət xadimi və dünyanın tanınmış siyasi lideri olduğunu xüsusi vurğulayaraq, Azərbaycanla YUNESKO arasında sıx əməkdaşlığın yaranmasında onun əvəzsiz xidmətlərini yüksək qiymətləndirmişdir. Cənab Matsuura daha sonra rəhbərlik etdiyi beynəlxalq qurumun dünyanın, o cümlədən qədim tarixi və zəngin abidələri olan Azərbaycanın mədəniyyətinə və incəsənətinə xüsusi diqqət göstərdiyi, gözəl memarlıq kompleksi İçərişəhərin Dünya Mədəni İrs siyahısına və xanəndə Alim Qasımovun ifasında Azərbaycan muğamlarının bəşəriyyətin qeyri-maddi irs siyahısına daxil edilməsi barədə ətraflı məlumat vermişdir. Görüşdə son zamanlar YUNESKO ilə Azərbaycan arasında əlaqələrin daha da genişləndiyi, ölkəmizdə qaçqın uşaqların təhsilinə xüsusi diiqqət yetirildiyi və bununla bağlı Dövlət Proqramının hazırlanaraq həyata keçirildiyi, onlar üçün yeni məktəblərin inşa edilməsində bu qurumun yardımı böyük razılıq hissi ilə vurğulanmış, Bakıda “Qafqaz xalqlarının ənənələri evi”nin yaradılması fikri səslənmişdir. Mehriban xanım Əliyeva görüşdən xatirə olaraq, YUNESKO-ya azərbaycanlı rəssamın müasir tablosunu hədiyyə etmişdir. Azərbaycanın Fransadakı səfiri Eleonora Hüseynova görüşdə iştirak etmişdir.
Xəbərin mətnində orfoqrafik səhv var