RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV NORVEÇ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev martın 15-də Prezident iqamətgahında Norveç Krallığının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri təyin olunmuş Steynar Gilin etimadnaməsini qəbul etmişdir.
Səfir STEYNAR GİL öz etimadnaməsini təqdim edərək Azərbaycan dilində dedi:
-Zati-aliləri!
Mən Norveç Krallığının Azərbaycanda səfiri təyin olunmuşam. İcazə verin, Norveç kralı V Haraldın salamını və xoş arzularını Sizə yetirim. Mən ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə çalışacağam. İcazənizlə, etimadnaməmi və əvvəlki səfirin geri çağırılması haqqında məktubu Sizə təqdim edim.
Azərbaycan Prezidenti HEYDƏR ƏLİYEV səfirə müraciətlə dedi:
-Çox hörmətli cənab səfir. Norveç Krallığının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin olunmağınız münasibətilə Sizi təbrik edirəm və gələcək işlərinizdə uğurlar arzulayıram.
Norveç Krallığı ilə, Norveç xalqı ilə Azərbaycan xalqı, Azərbaycan dövləti arasında, həqiqətən, dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələri yaranıb və sürətlə inkişaf edir. Bizim əlaqələrimiz, xüsusən, iqtisadiyyat sahəsində böyük vüsət alıbdır. Azərbaycanda artıq 1994-cü ildən indiyə qədər Norveçin çoxsaylı müxtəlif şirkətləri fəaliyyət göstərir. Mən inanıram ki, Siz səfirliyiniz dövründə Azərbaycanda bu əlaqələrin inkişaf etdirilməsi üçün güclü səylər qoyacaqsınız. Bunun üçün yaxşı əsas yaranıbdır.
Norveç kralının mənə çatdırdığınız salamına görə təşəkkür edirəm. Ona, bütün hökumətinizə mənim salamımı və ən xoş arzularımı çatdırmağınızı xahiş edirəm. Sizi bir daha təbrik edirəm.
X X X
Azərbaycan Prezidenti Heydər Əliyev Steynar Gillə xatirə şəkili çəkdirdi.
Sonra dövlətimizin başçısı ilə Norveç Krallığının səfiri arasında səmimi söhbət oldu.
Prezident Heydər Əliyev səfirin azərbaycanca yaxşı danışdığını vurğuladı.
STEYNAR GİL: Xeyr, yaxşı danışmıram, amma öyrənməyə başlamışam. Buraya gəldiyim ikinci gündən etibarən Azərbaycan dilini öyrənirəm.
HEYDƏR ƏLİYEV: Mən bilirəm ki, Siz lingvistsiniz. Müxtəlif dilləri bilirsiniz, amma tezliklə Azərbaycan dilini öyrənib danışmağınız da çox təqdirəlayiq haldır.
STEYNAR GİL: Mənə elə gəlir, hər bir səfirin borcudur ki, işlədiyi ölkənin dilini öyrənsin. Çünki bu yolla ölkədə baş verən hadisələri daha yaxşı duya və insanlarla birbaşa əlaqəyə girə bilər.
HEYDƏR ƏLİYEV: Doğrudur, bu, təbiidir və olmalıdır. Bir tərəfdən, səfir əgər çalışdığı ölkədə xalqın dilini yaxşı bilirsə, bu, həqiqətən onun işlərinə kömək edəcəkdir. Amma, ikinci tərəfdən də, biz, məsələn, bunu səfirliyin Azərbaycan dilinə, Azərbaycan xalqına hörməti kimi də qəbul edirik.
Necəsiniz, Azərbaycanda necə yaşayırsınız?
STEYNAR GİL: Özümü Azərbaycanda yaxşı hiss edirəm. Birinci gündən burada rahatam. İnsanlarınız qonaqpərvərdir, dostcasına münasibət göstərirlər. Buraya gəldiyimiz ilk günlərdən etibarən ölkəni gəzməyə çıxmışam, regionları gəzmişəm. Elə bilirəm ki, bunu davam etdirəcəyəm, ölkəniz haqqında da çox məlumat əldə edəcəyəm. Cənab Prezident, həm də Siz qeyd etdiyiniz kimi, bizim ümumi maraqlarımız vardır. Bu, ilk növbədə iqtisadi maraqlardır. Gərək bu əlaqələri genişləndirmək üçün yollar axtaraq, arayaq, tapaq ki, əməkdaşlığımızı daha da inkişaf etdirək.
HEYDƏR ƏLİYEV: Mən dedim, Norveç şirkətləri burada çox yaxşı yer tutublar və səmərəli fəaliyyət göstərirlər. Ona görə sizin burada artıq böyük bir icmanız var.
STEYNAR GİL: Bəli, bizim bir icmamız vardır ki, burada, Azərbaycanda 60-70 norveçli yaşayır. Norveçdən buraya qısa müddətə də çoxlu adam gəlir.
X X X
Etimadnamənin təqdim olunması mərasimində Azərbaycanın xarici işlər naziri Vilayət Quliyev, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Prezidentin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və digər rəsmi şəxslər iştirak edirdilər.
Foto Yaşar Xəlilovundur