AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV PARİSDƏ ABŞ-IN VİTSE-PREZİDENTİ ALBERT QOR İLƏ GÖRÜŞMÜŞDÜR
AzerTAg.az
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Parisə səfəri zamanı yanvarın 11-də Fransa paytaxtında ABŞ-ın vitse–prezidenti Albert Qor ilə görüşmüşdür.
Dövlətimizin başçısını səmimiyyətlə salamlayan cənab Qor Prezident Heydər Əliyev ilə bundan əvvəlki görüşünü məmnuniyyətlə xatırladığını söylədi. Prezident Heydər Əliyev də cənab Qor və cənab Klinton ilə keçirdiyi görüşləri çox mühüm hesab etdiyini və bu görüşlərin Azərbaycan–Amerika münasibətlərinin inkişaf etdirilməsində böyük əhəmiyyəti olduğunu qeyd etdi.
Azərbaycanda baş verən müsbət dəyişiklikləri ABŞ-da diqqətlə izlədiklərini vurğulayan cənab Qor ölkəmizin dövlət müstəqilliyinin qorunub saxlanılması sahəsində Prezident Heydər Əliyevin səylərini və onun həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirdiklərini bildirdi. ABŞ-ın vitse-prezidenti əmin olduğunu söylədi ki, iqtisadi sahədə görülən tədbirlər, xüsusən neft müqaviləsinin həyata keçirilməsi, ilkin neft ixracı üçün çəkiləcək neft kəmərləri Azərbaycanın iqtisadiyyatında mühüm rol oynayacaqdır. Həmin boru kəmərlərinin marşrutlarının müəyyənləşdirilməsi barədə qəbul edilən qərarın düzgün olduğunu xüsusi qeyd edən Albert Qorun fikrincə, bu, regionun bütün ölkələrinin inkişafına kömək göstərəcəkdir.
Ölkəmizdə hasil ediləcək ilkin neftin ixracı üçün Gürcüstandan və Rusiyadan keçəcək iki kəmərin çəkilməsi barədə qərarın həyata keçiriləcəyinə əmin olduğunu bildirən Prezident Heydər Əliyev bu sahədə görülən işlərdən və bu yaxınlarda Moskvada mühüm sənədlərin imzalanacağından da söhbət açdı.
Rusiya Federasiyasının Baş naziri cənab Çernomırdinlə bu yaxınlarda Vaşinqtonda görüşəcəyindən bəhs edən cənab Qor dedi ki, həmin danışıqlarda bir sıra digər məsələlərlə yanaşı, ilkin neftin ixrac marşrutları məsələsi də müzakirə olunacaqdır.
Amerika Birləşmiş Ştatları ilə bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə gənc müstəqil Azərbaycan Respublikasının xüsusi maraq göstərdiyini qeyd edən Prezident Heydər Əliyev dedi ki, o, ölkənin rəhbəri kimi bu əlaqələrin daha da möhkəmləndirilməsi üçün əlindən gələni edir və həmin işi bundan sonra da davam etdirəcəkdir.
Cənab Qor qeyd etdi ki, ABŞ Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına hər cür yardım göstərəcəkdir. Prezident Heydər Əliyev bu münaqişənin həllində Azərbaycanın yalnız və yalnız sülh yolunu əsas götürdüyünü vurğuladı.
Görüşün sonunda Prezident Heydər Əliyev ABŞ-ın vitse-prezidenti cənab Qoru Azərbaycana rəsmi səfərə dəvət etdi və ABŞ Prezidenti Bill Klintona özünün ən xoş arzularını çatdırmağı xahiş etdi.
Xəbərin mətnində orfoqrafik səhv var