RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV UKRAYNA PREZİDENTİ LEONİD KUÇMA İLƏ GÖRÜŞMÜŞDÜR
Səmimilik və mehribanlıq şəraitində keçən görüşdə Ukrayna Prezidenti Azərbaycana səfəri zamanı ona göstərilən diqqətə görə təşəkkürünü bildirdi. Söhbət zamanı Azərbaycanla Ukrayna arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinin müzakirəsinə geniş yer ayrıldı. Prezidentlərin fikrincə, bərabərhüquqlu dövlətlərimizin qarşılıqlı münasibətlərinin daha da sıxlaşdırılmasına, tarixi dostluq və qardaşlıq əlaqələrinin inkişaf etdirilməsinə müntəzəm diqqət yetirməli, iqtisadiyyat, ticarət, mədəniyyət və digər sahələrdə əməkdaşlığın yeni səviyyəyə qaldırılması üçün bütün imkanlardan istifadə olunmalıdır.
Prezidentlər belə bir yekdil fikir söylədilər ki, bazar iqtisadiyyatı yolunu seçmiş hər iki müstəqil dövlətdə islahatların həyata keçirilməsi təcrübəsinin qarşılıqlı surətdə dərindən öyrənilməsi və tətbiqi ölkələrimiz üçün faydalı olacaqdır.
Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin ATƏT-in Minsk qrupu vasitəsilə həll olunması istiqamətində görülən işlər barədə də söhbət getdi. Sonra tərəflər beynəlxalq təşkilatlarda bir çox məsələlər barəsində eyni platformadan çıxış etməklə əlaqədar fikir mübadiləsi etdilər.
Dövlət başçıları Ukraynanı və Azərbaycanı maraqlandıran bir sıra digər məsələlər ətarfında da müzakirələr apardılar.