RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN ABŞ–A SƏFƏRİ
Həmin gün Azərbaycan Prezidenti uşaqların həyatı, müdafiəsi və inkişafına dair BMT-nin bəyannaməsini imzalamışdır. Bu, müstəqil respublikamızın daha bir beynəlxalq təşkilata qoşulması deməkdir. Sənədin imzalanması mərasimində bu təşkilatın rəhbəri cənab Ceyms öz çıxışında demişdir ki, Azərbaycanda uşaqların ağır vəziyyətdə olmasından xəbərdardır. Bəyannaməni imzalamaqla Azərbaycan bu təşkilatın müəyyən köməyinə ümid bəsləyə bilər. Heydər Əliyev Ermənistanın təcavüzü nəticəsində Azərbaycanda yaranan qaçqınlar problemi, qaçqın ailələrindən olan uşaqların acınacaqlı vəziyyəti haqqında ətraflı məlumat vermiş, Ermənistanın beynəlxalq hüquq normalarına məhəl qoymayaraq, 50-dən artıq azərbaycanlı uşağı hələ də əsirlikdə saxladığını bildirmişdir.
Sentyabrın 27-də Azərbaycan rəhbəri öz iqamətgahında Almaniya, Norveç və Böyük Britaniyanın xarici işlər nazirlərini qəbul etmişdir. Bu görüşlərdə dövlətlərarası münasibətləri inkişaf etdirmək məsələləri müzakirə olunmuş, regiondakı durum və odlu nöqtələrdə vəziyyətin sabitləşdirilməsində həmin dövlətlərin rolu barədə ətraflı fikir mübadiləsi aparılmışdır. Heydər Əliyev bu dövlətlərin ATƏM-in üzvü olduğunu xatırladaraq, Ermənistan -Azərbaycan münaqişəsinin aradan qaldırılmasında onların öz səylərini gücləndirilməsinin vacibliyini qeyd etmişdir. Görüşlərdə həmin dövlətlərlə Azərbaycan arasında yaranmış əlaqələri genişləndirməyin zəruru olduğu göstərilmişdir.
Norveçin xarici işlər naziri görüşdən sonra jurnalistlərə bildirmişdir ki, sentyabrın 20-də Bakıda imzalanmış neft müqaviləsinin qanuniliyini heç cür şübhə altına almaq olmaz. Əgər ayrı-ayrı diplomatlar tərəfindən belə cəhdlər olarsa, Norveç dövləti bunların hüquqi cəhətdən əsassızlığını sübut etmək imkanına malikdir. Böyük Britaniyanın xarici işlər naziri də eyni fikri söyləmişdir.
Prezident Heydər Əliyev dünyanın ən qüdrətli banklarından olan “Çeyz manhetten bank”ın idarə heyətinin başçıları ilə də görüşmüşdür. Görüş zamanı Azərbaycan iqtisadiyyatına maliyyə yardımı göstərilməsi, investisiyalar qoyulması barədə ətraflı söhbət getmiş, konkret təkliflər irəli sürülmüşdür.
Sentyabrın 28-də Azərbaycan Prezidenti Heydər Əliyev öz iqamətgahında ATƏM-in Minsk qrupunun sədri Yan Eliassonu qəbul etmişdir. Söhbət zamanı Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması ilə bağlı fikir mübadiləsi olmuşdur. Yan Eliasson demişdir ki, onun fikrincə, bu münaqişə Rusiya Federasiyasının vasitəçiliyi olmadan həll edilə bilməz. Heydər Əliyev bildirmişdir ki, Azərbaycan dövləti və Prezident kimi şəxsən o, həmin prosesdə Rusiyanın vasitəçiliyinin əhəmiyyətini inkar etmir. Lakin Rusiya öz səylərini ATƏM çərçivəsində sərf etməli və münaqişənin aradan qaldırılmasına yönəltməlidir. Prezident demişdir ki, Azərbaycan dövlətinin prinsipial mövqeyi belədir: Ermənistanın işğalçı qoşunları Laçın və Şuşa rayonları da daxil olmaqla, Azərbaycan ərazisindən çıxarılmalı, bundan sonra münaqişəyə mərhələ-mərhələ son qoyulmalıdır.
Aslan Aslanov
AZƏRTAC–ın xüsusi müxbiri
Nyu-York