ELM VƏ TƏHSİL
AZƏRBAYCAN TƏHSİL NAZİRLİYİNİN NÜMAYƏNDƏ HEYƏTİ TBİLİSİDƏ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndə heyəti Tbilisiyə ikigünlük səfər etmişdir. Məqsəd gürcüstanlı həmkarlarla Azərbaycandakı gürcü məktəbləri üçün Gürcüstan tarixi və coğrafiyası, Gürcüstandakı Azərbaycan məktəbləri üçünsə Azərbaycan tarixi və coğrafiyası dərsliklərinin hazırlanması barəsində ilkin fikir mübadiləsi aparmaqdır.
Fevralın 1-də nümayəndə heyətinin üzvləri Tbilisidəki M.F.Axundov adına 73 nömrəli Azərbaycan orta məktəbinin kollektivi ilə görüşmüşlər. Məktəbin direktoru Salman Pirməmmədov qonaqlara Gürcüstanın qocaman təhsil ocaqlarından olan məktəbin tarixi, qarşıda duran vəzifələr və problemlər haqqında, Azərbaycanın Gürcüstandakı səfirliyinin bu təhsil ocağına qayğısından danışmışdır.
Nümayəndə heyətinin başçısı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin idarə rəisi Mahir Əliyev iki ölkə rəhbərliyinin razılığı ilə həmin dərsliklərin maketlərinin Gürcüstan tərəfi komissiyasının üzvləri ilə birgə hazırlanıb müzakirəyə təqdim ediləcəyini, Azərbaycan hökumətinin gürcüstanlı soydaşlara daim qayğı və diqqət göstərdiyini, strateji tərəfdaşlar olan Azərbaycan və Gürcüstan dövlətlərinin qarşılıqlı münasibətlərinin daha da inkişaf etdiyini, prezidentlər İlham Əliyev və Mixail Saakaşvili dostluğunun buna önəm verdiyini vurğulamışdır.