ELM VƏ TƏHSİL
“AZƏRNEFTYAĞ” NEFT EMALI ZAVODUNDA YENİ TƏDRİS İLİ İLƏ BAĞLI VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM OLMUŞ UŞAQLARLA GÖRÜŞ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 13-də “Azərneftyağ” neft emalı zavodunda Bakının Suraxanı və Nizami rayonlarındakı 7 və 1 nömrəli internat məktəblərində təhsil alan valideyn himayəsindən məhrum olmuş uşaqlarla yeni dərs ili ərəfəsində görüş keçirilmişdir.
Tədbiri görüşün təşbbüskarı olmuş “Uşaq və tələbə gənclər dünyası” İctimai Birliyinin sədri Baxtımşah Tağıyeva açaraq görüş iştirakçılarını yeni dərs ili və müqəddəs Ramazan ayının başlanması münasibətilə təbrik etmişdir. Təşkilat tərəfindən irəli sürülmüş təşəbbüsü dəstəklədiyinə və uşaqlar üçün bayram süfrəsi açdığına görə zavodun rəhbərliyinə minnətdarlığını bildirmişdir.
“Azərneftyağ” neft emalı zavodunun direktor müavini Azər Məmmədov müəssisənin rəhbərliyi adından uşaqları bayram münasibətilə təbrik etmişdir. Müstəqil Azərbaycanda elmə, təhsilə dövlət qayğısının əsasının ümummili liderimiz Heydər Əliyev tərəfindən qoyulması xüsusi vurğulanmışdır. Razılıq hissi ilə qeyd olunmuşdur ki, həmin siyasət bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təhsildə müasir texnologiyaların tətbiqi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə əlaqədar qəbul edilən mühüm dövlət sənədləri buna bariz misal ola bilər.
Bildirilmişdir ki, Heydər Əliyev Fondu tərəfindən təhsil sahəsində həyata keçirilən layihə və proqramlar müstəqil Azərbaycanda müasir tələblərə cavab verən məktəb binalarının tikintisinə, onların kompyuterlərlə təchizinə xüsusi təsir göstərir.
Amerika Birləşmiş Ştatlarının World Holl International Azerbaijan icma inkişafı proqramının direktoru xanım Treysi Leninq tədbirdə çıxış edərək balacaları təbrik etməkdən məmnun olduğunu bildirmiş, onlara hədiyyələr təqdim etmişdir.
Tədbir konsert proqramı ilə davam etmişdir.