MƏDƏNİYYƏT
ƏZİZƏ MUSTAFAZADƏNİN İSTANBULDAKI KONSERTİ MÜVƏFFƏQİYYƏTLƏ KEÇMİŞDİR
AZƏRTAC-ın müxbiri İstanbuldan xəbər verir ki, aprelin 3-də İstanbulun Cəmal Rəşid Rey adına mədəniyyət mərkəzində Azərbaycanın tanınmış caz-vokal ifaçısı Əzizə Mustafazadənin solo konserti keçirilmişdir. Müğənnimizin Türkiyədə də çoxlu pərəstişkarı vardır. Buna görə konsert biletləri tamamilə satılmış, sıraların arasına əlavə stullar qoyulmuşdu. Bəzi istanbullu musiqisevərlər 2 saatlıq konserti ayaq üstə dinləmişlər. Konsert Böyük şəhər bələdiyyəsinin mədəniyyət departamenti tərəfindən təşkil olunmuşdur.
İstedadlı müğənnimizin ifasında Vaqif Mustafazadənin caz-muğam improvizasiyaları, klassik əsərlərdən parçalar, xalq mahnılarımızın çaz-vokal inprovizasiyaları səslənmişdir. Konsert böyük müvəffəqiyyətlə keçmişdir. Gənc həmyerlimiz istanbullu musiqisevərlər tərəfindən hərarətlə alqışlanmışdır.
Əzizə Mustafazadə Azərbaycan və Türkiyənin dost və qardaş ölkələr olduğunu nəzərə çarpdıraraq, burada konsert verməkdən məmnunluğunu dilə gətirmiş, tamaşaçılara təşəkkürünü bildirmişdir.