İQTİSADİYYAT
“Abşeron” elektrik şəbəkəsi üzrə əsaslı və cari təmir işləri aparılır
Bakı, 13 may, AZƏRTAC
“Abşeron” Regional Elektrik Şəbəkəsi Müəssisəsinin xidməti ərazisində istismar səviyyəsinin daha da yaxşılaşdırılması, dayanıqlılığın artırılması istiqamətində görülən işlər davam etdirilir.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Abşeron şəbəkə sahəsində cari ilin son 3 ayında “Pirallahı” yarımadasının elektrik enerjisi təchizatında xüsusi rolu ilə seçilən 110 kilovoltluq (kV) “Dübəndi” yarımstansiyasında eyni gərginlikli açıq paylayıcı quruluşda yağ açarları eleqaz açarlarla əvəz edilib. Eyni zamanda 220 kV-lik “Hövsan” yarımstansiyasında, 110 kV-lik 3-cü “Əhmədli” hava xətlərinin mühafizə, idarə dövrələri yoxlanılıb və yeni tipli relelər quraşdırılıb. Anoloji işlər 220 kV-lik “Nizami” yarımstansiyasında davam edib. Bundan əlavə, 110 kV-lik “Qala”, “Maştağa” və digər yarımstansiyalarda yoxlama işləri aparılıb. Müəssisə üzrə aparılan əsaslı və cari təmir elektrik verilişi xətlərində də həyata keçirilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir.