ELM VƏ TƏHSİL
Ədəbiyyatşünas alimin yeni kitabı nəşr olunub
Bakı, 22 iyun, AZƏRTAC
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Salidə Şərifovanın “Fərəc Fərəcov yaradıcılığının problematikası, janr müxtəlifliyi və bədii xüsusiyyətləri” monoqrafiyası çapdan çıxıb. Kitab Ədəbiyyat İnstitutunun Elmi şurasının 9 dekabr 2020-ci il tarixli 6 saylı qərarı ilə çap olunub. Monoqrafiya “Sənətkarın elmi pasportu” seriyasında işıq üzü görən iyirmi ikinci nəşrdir.
Bu barədə AZƏRTAC-a Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, kitabın elmi məsləhətçisi və “Əməldə və əsərlərində özünüifadə nümunəsi” adlı “Ön söz”ünün müəllifi AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli, rəyçisi filologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü Tehran Mustafayev, elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənlidir.
“Qanun” nəşriyyatında çap olunan monoqrafiya giriş, beş fəsil, nəticə, istifadə olunmuş ədəbiyyat və tarixə həkk olunmuş anlardan ibarətdir. Kitabda Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti, deputat Fərəc Fərəcovun həyatı, bədii və elmi publisistikası, nəzm və nəsr əsərlərinin problematikası, janr müxtəlifliyi və bədii xüsusiyyətləri geniş tədqiq edilib.