SİYASƏT
Əfşan Məlik: Pakistanın hər bir vətəndaşı Azərbaycanı qardaş ölkə kimi tanıyır
Bakı, 18 dekabr, AZƏRTAC
Pakistan Dövlət Televiziyasının jurnalisti, siyasi analitik, ədəbiyyat üzrə fəlsəfə doktoru, professor Əfşan Məlik "İki sahil" qəzetinin qonağı olub.
AZƏRTAC xəbər verir ki, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycanda mətbuatın inkişafı və "İki sahil" qəzetinin fəaliyyəti barədə məlumat verib. Ölkəmizdə KİV-in inkişafına qayğının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu diqqətə çatdıran Vüqar Rəhimzadə əlavə edib ki, Azərbaycanda söz və mətbuat azadlığı ən yüksək səviyyədə təmin edilib.
Vüqar Rəhimzadə, həmçinin bildirib ki, Pakistan-Azərbaycan əlaqələri bu gün sürətlə inkişaf edir.
Pakistan Dövlət Televiziyasının jurnalisti Əfşan Məlik ölkələrimizin bir-birinə ayrılmaz tellərlə bağlı olduğunu deyib. O bildirib ki, bu gün Pakistanın hər bir vətəndaşı Azərbaycanı qardaş ölkə kimi tanıyır və qəbul edir.
Ə.Məlik, həmçinin ikitərəfli münasibətlərin siyasi, iqtisadi, enerji və digər sahələrdə sürətlə inkişafının hər iki dövlət üçün önəmindən danışıb. Bildirib ki, Pakistan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Azərbaycanı haqlı tərəf kimi görür və ölkəmizin ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən birinin məhz Pakistan olduğunu diqqətə çatdıran Ə.Məlik qeyd edib ki, Azərbaycan hər zaman Pakistana qardaş, doğma ölkədir.
Qonaq Azərbaycanda mətbuatın inkişafı məsələlərinə də toxunub və bu prosesin sürətlə getdiyini bildirib. Həmçinin "İki sahil" qəzetinin fəaliyyətini yüksək qiymətləndirib və gələcək əməkdaşlıq əlaqələrindən danışıb.
Görüşdə qarşılıqlı perspektiv layihələrin həyata keçirilməsinin zəruriliyi ilə bağlı fikir mübadiləsi də aparılıb.