CƏMİYYƏT
Ağcabədi sakininin evinə daxil olaraq quldurluq yolu ilə pul aparan şəxslər saxlanılıb
Bakı, 8 fevral, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) 102 - Zəng Mərkəzi Xidmətinə fevralın 2-nə keçən gecə Ağcabədi şəhərindəki evlərin birindən oğurluğa cəhd göstərilməsi barədə müraciət daxil olub.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla rayon sakini olan 84 yaşlı qadının evinə basqın edən iki nəfərin onu döyərək oradan 3 min manat pul aparmaları müəyyən edilib.
Quldurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri R.Rüstəmov və İ.Mirzəyev keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci maddəsi (quldurluq) ilə cinayət işi başlanıb, istintaq aparılır.