REGİONLAR
Ağcabədidə 25 mindən çox uşaq tibbi müayinədən keçirilib
Ağcabədi, 1 dekabr, AZƏRTAC
Respublikamızın hər yerində olduğu kimi, Ağcabədi rayonunda da 18 yaşadək uşaqların tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir.
Rayon uşaq xəstəxanasının baş həkimi Cümşüd Qəhrəmanov AZƏRTAC-a bildirib ki, Ağcabədidə 18 yaşadək 35 min 834 uşaq var. “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilən aksiyanın yüksək səviyyədə başa çatdırılmasını təmin etmək məqsədilə pediatr, nevropatoloq, kardioloq, lor, oftalmoloq və digər ixtisaslı həkimlərdən ibarət 8 səyyar qrup yaradılıb. Tibbi aksiya əsasən ümumtəhsil məktəblərində və uşaq bağçalarında həyata keçirilir.
Bu günədək rayonda 25 min 361 uşaq tibbi müayinələrdən keçirilib. Müayinələr zamanı müxtəlif xəstəliklər aşkarlanmış 1011 uşaq müalicəyə cəlb olunub. Müayinə olunanlar arasında ən çox görmə zəifliyi, qan azlığı, qurd xəstəlikləri müşahidə edilir. Bəzi xəstələr müalicə olunmaq üçün Bakı şəhərinə göndərilib.
Uşaqların tibbi müayinədən keçirilməsi aksiyası dekabrın sonunadək davam edəcəkdir.