REGİONLAR
Ağcabədidə “Nəsimi ili” çərçivəsində ədəbi-bədii gecə keçirilib
Ağcabədi, 10 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında müvafiq Sərəncamına və 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsinə müvafiq olaraq Ağcabədi şəhər 1 nömrəli tam orta məktəbdə ədəbi-bədii gecə keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məktəbin direktoru Səadət Kazimova tədbirdə çıxış edərək, İmadəddin Nəsiminin Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından olduğunu diqqətə çatdırıb. Bildirib ki, Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan, əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm edən şair olub.
Məktəbin müəllimi Dilarə Qafarova şairin yaradıcılığı barədə məlumat verib. Bildirib ki, İmadəddin Nəsiminin anadilli şeirin humanist ideyalarla, yeni məzmun və bədii lövhələrlə daha da zənginləşməsində misilsiz xidmətləri var. Mütəfəkkir şairin şeirlərində, qəzəllərində dərin poetik fikirlər, fəlsəfi görüşlər, dövrün elmi-fəlsəfi düşüncəsi aydın ifadə edilib.
Sonra tədbir iştirakçıları Nəsiminin həyat və yaradıcılığından bəhs edən videoçarxa baxıblar.
Yuxari sinif şagirdlərinin ifa etdikləri “Nəsimi” filmindən Şirvanşah İbrahimlə Nəsiminin söhbətini əks etdirən səhnə maraqla qarşılanıb. Sonra məktəblilər şairin qəzəllərini söyləyiblər. Məktəbin şagirdi Xumar Məmmədova isə İmadəddin Nəsiminin portretini çəkib.