REGİONLAR
Ağcabədidə pambıq sahələrindən yüksək məhsuldarlıq gözlənilir
Ağcabədi, 26 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Ölkəmizdə aqrar sektorun ənənəvi sahəsi olan pambıqçılığın inkişafına göstərilən dövlət qayğısı Ağcabədi rayonunda torpaq sahiblərinin bu sahəyə marağını ildən-ilə artırır. Əgər ötən il Ağcabədi rayonu ərazisində 9550 hektarda pambıq əkilmişdirsə, bu il 10 min hektar sahədə “ağ qızıl” becərilir. Rayonun iqlim şəraiti, sakinlərin pambıqçılıq sahəsində təcrübəsi pambıq istehsalını artırmaq üçün stimul yaradır.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib. Nəticədə tarlalarda bol məhsul yetişib. Pambığın maşınla yığılması üçün defolyasiya işləri aparılıb.
Bir neçə gündür ki, Ağcabədi pambıqçıları məhsul yığımına başlayıblar. Bütün qüvvələr mühüm strateji məhsul olan pambığın tez və itkisiz yığılmasına səfərbər edilib. Pambıq yığımına 41 ədəd pambıqyığan kombayn, 108 ədəd traktor, 200-dən artıq qoşqu cəlb edilib. Bu günədək tarlalardan 1760 ton məhsul yığılıb. Rayon üzrə 25 min tondan çox pambıq istehsalı proqnozlaşdırılır.
“P-Aqro” MMC-nin direktoru Süleyman Süleymanov bu il məhsuldarlığın ötən illə müqayisədə yüksək olduğunu bildirərək deyib: "2018-ci ilin məhsulu üçün 376 nəfər fermerlə müqavilə əsasında 1083 hektar sahədə pambıq becərilib. Bağlanan müqaviləyə əsasən, pambıq istehsalçıları becərmə zamanı lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin olunublar. Becərmə işləri bütün aqrotexniki qaydalara uyğun aparılıb. Tarlalarda məhsul boldur. Əgər ötən il hər hektarın məhsuldarlığı orta hesabla 20 sentner idisə, bu il 30 sentner olacağı gözlənilir. Çalışacağıq ki, pambığı son qozasına qədər yığıb dövlətə təhvil verək".
Dövlətin pambıqçılığın inkişafına göstərdiyi qayğı, o cümlədən bir neçə gün əvvəl pambığın alış qiymətinin hər ton üçün 50 manat artırılması fermerləri məhsul istehsalına həvəsləndirib. Hüsülü kənd sakini Fariz Hüseynov da pambıq əkinlərini ildən-ilə genişləndirdiyini deyib: "Ötən il 5 hektarda pambıq becərib, yüksək mənfəət əldə etdim. Ona görə də bu il pambıq əkinini 18 hektara çatdırdım. Becərmə işlərini bütün aqrotexniki qaydalara əsasən apararaq, tarlalarda bol məhsul yetişdirmişik. Hər hektardan orta hesabla 40-45 sentner məhsul gözləyirik. Pambığın alış qiymətinin artırılması isə biz fermerləri daha çox məhsul istehsal etməyə həvəsləndirib. Növbəti il əkin sahəsini və məhsuldarlığı daha da artırmağı qarşıya məqsəd qoymuşam".
Ötən il 9550 hektarda pambıq becərən Ağcabədi pambıqçıları tarlalardan 20 min 459,23 ton məhsul tədarük ediblər.