CƏMİYYƏT


Ağdamda dövlət-din münasibətlərindən danışılıb

Bakı, 15 mart, AZƏRTAC

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda ikigünlük seminar-müşavirə keçirilib. Bu barədə AZƏRTAC-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) məlumat verilib.

İkigünlük seminar-müşavirədə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, müəllimlər, ziyalılar, gənclər, dini icma sədrləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov ölkədə dini maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini bildirib, son dövrlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə bu istiqamətdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.

DQİDK sədrinin birinci müavini Səyyad Salahlı vurğulayıb ki, xalqımız öz milli mənəvi, dini dəyərlərini əsrlər boyu qoruyub saxlayıb. Xüsusilə dövlət müstəqilliyimizi bərpa etdikdən sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yenidən milli mənəvi dəyərlərimizə, o cümlədən dini dəyərlərimizə diqqət və qayğı göstərilib. Səyyad Salahlı deyib ki, dinlərarası münasibətlərin tənzimlənməsi, eyni zamanda, dini dözümlülüyün yüksək səviyyədə mövcudluğu dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Vurğulanıb ki, bu gün Azərbaycan dünyada tolerantlıq modelidir. İstər məzhəblərarası, istərsə də dinlərarası məsələlərdə dini dözümlülük nümunəsidir. Dünyanın heç bir ölkəsində Azərbaycan qədər dini dözümlülük yoxdur.

Bu dəyərlərin qorunmasında dini maarifləndirmənin əhəmiyyətinə toxunan Komitə sədrinin birinci müavini bu cür regional seminar-müşavirələrin keçirilməsinin dini icmaların və gənclərin cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınmasında fəal iştirakına səbəb olduğunu deyib.

Çıxışlar ətrafında geniş müzakirələrlə davam edən seminar-müşavirədə DQİDK-nın sifarişi ilə çəkilmiş “Üfüqdəki gələcək” sənədli filmi nümayiş olunub və tədbir iştirakçılarının sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.