REGİONLAR
Ağdamda heyvandarlıq məhsulları istehsalında artım qeydə alınıb
Ağdam, 15 sentyabr, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıq stabil inkişaf edir. Rayonda heyvanların cins tərkibi yaxşılaşır, sayı və heyvandarlıq məhsullarının istehsalı ilbəil artır.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2018-ci ilin səkkiz ayında rayonda 2947,9 ton ət, 24 min 063,7 ton süd, 165,5 ton yun, 9264 min ədəd yumurta istehsal edilib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 4,4 faiz, süd istehsalı 4,7 faiz, yumurta istehsalı 61,2 faiz, yun istehsalı 5,3 faiz çoxalıb. Rayon üzrə ümumi ət istehsalının 99,4 faizi, süd istehsalının 98,5 faizi, yumurta istehsalının 100 faizi, yun istehsalının 95,3 faizi fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarının payına düşür.
Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların cins tərkibinin yaxşılaşdırılması mühüm rol oynayır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan südlük və ətlik istiqamətli cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. Təkcə 2018-ci ilin səkkiz ayında 1718 baş inək və düyə süni yolla mayalandırılıb, 1030 baş sağlam cins buzov alınıb. Mayalanma zamanı əsasən “Holştein-friz”, “Simmental”, “Şarole” və “Şvis” cinslərindən olan buğaların toxumları istifadə edilir.