REGİONLAR
Ağdamın Əliağalı kənd sakini: 44 günlük zəfər yürüşü bütün azərbaycanlıların başını ucaltdı VİDEO
İmişli, 21 noyabr, AZƏRTAC
Düşmənə gözdağı olan 44 günlük döyüş. Erməni təxribatının qarşısını almaq üçün şanlı ordumuz tərəfindən başlayan zəfər yürüşünün nəticəsində döyüş meydanında darmadağın olan düşmən noyabrın 20-də Ağdamı tərk etməli oldu. İndi Ağdam qüdrətli ordumuzun nəzarətindədir.
AZƏRTAC xəbər verir ki, rəşadətli ordumuzun zəfər yürüşü, sözün əsl mənasında, ermənilərə bir zərbə oldu. Onlar döyüş meydanında acizliyini dinc əhaliyə qarşı törətdiyi təxribatlarla göstərdilər.
Ağdamın Əliağalı kənd sakini İmdad Məhərrəmov deyib: “1993-cü ildə Ağdam işğal olunanda hər birimizin ürəyinə bir xal düşdü. Çünki birinci Qarabağ müharibəsində təkcə Ağdamdan 6 minə yaxın şəhidimiz oldu. İndi Ağdamın azad edilməsi bizim ürəyimizdə olan xalı sildi. 44 günlük döyüş yolumuz bütün şəhidlərimizin ruhunu şad etdi. Bütün şəhid analarının əlindən öpürəm, qarşılarında baş əyirəm. Bu şanlı zəfər yürüşü tarixdə bərabəri olmayan bir qələbədir. O rayonların hər birini hələ işğal olunmamışdan əvvəl gəzmişəm və öz rayonumuzu qarış-qarış tanıyıram. İndi həmin ərazilərin görüntülərini gördükdə, ermənilərə adam bilmir nə ad versin. Onlar necə canlıdır ki, hər yeri viran qoyub, xarabalığa çeviriblər. Bu, onların hansı səviyyədə olduğuna sübutdur. Həm də bu, onların acizliyinin bir göstəricisidir. Şanlı ordumuz düşmənə elə bir zərbə vurdu ki, bizim də xalq olaraq başımız ucaldı. Bu qələbə üçün, bu sevinc üçün Ali Baş Komandana və şanlı Ordumuza minnətdarıq. Biz indi sevinclə Ağdama qayıtmağı səbirsizliklə gözləyirik”.