CƏMİYYƏT
Ağdaşda "Şuşa milli-mənəvi dəyərlərimizin simvoludur" mövzusunda tədbir keçirilib
Bakı, 5 avqust, AZƏRTAC
Avqustun 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi və Ağdaş rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə "Şuşa milli-mənəvi dəyərlərimizin simvoludur" mövzusunda tədbir keçirilib.
AZƏRTAC Komitənin mətbuat xidmətinə istinadla xəbər verir ki, tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Asif Ədilov, Ağdaş RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev, Ağdaş Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kollektivi, ictimaiyyət nümayəndələri, eləcə də rayonun fəal gəncləri iştirak ediblər.
Tədbirdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlar zamanı Şuşanın tarixindən, milli və mədəni irsindən, xalqımız üçün əhəmiyyətindən bəhs olunub. Şuşa şəhərinin Azərbaycan tarixində müstəsna yerə sahib olduğu vurğulanıb. Qeyd edilib ki, Prezident İlham Əliyev tərəfindən bu ilin “Şuşa İli” elan olunması bu şəhərinin xalqımız və dövlətimiz üçün nə qədər əziz, müqəddəs, həmçinin hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz bir parçası olduğunun təzahürüdür. Eyni zamanda, Şuşa şəhərinə verilən dəyərin ali göstəricisidir. Şuşa mədəniyyətimizin bir parçası, incəsənətimizin beşiyidir. O da vurğulanıb ki, Vətən müharibəsi bitəndən sonra dövlətimiz tərəfindən bütün işğaldan qurtarılmış ərazilərdə yenidənqurma işləri sürətlə davam edir. Həmçinin Şuşa şəhərində də quruculuq işləri aparılır, erməni vandalları tərəfindən dağıdılmış milli və mənəvi abidələrimiz – məscidlərimiz bərpa edilir, yeniləri inşa olunur.
Sonda tədbir iştirakçılarının fikirləri dinlənilib və tədbir qarşılıqlı müzakirələrlə davam etdirilib.