REGİONLAR
Ağdaşın Orta Ləki kəndində şəhid Azər Vəliyevin xatirə lövhəsi açılıb
Ağdaş, 21 sentyabr, AZƏRTAC
Ağdaş rayonunun Orta Ləki kəndində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Azər Vəli oğlu Vəliyevin adına inşa edilən xatirə lövhəsinin açılışı olub. Açılış mərasimində rayon icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin, Gənclər və İdman İdarəsinin məsul işçiləri, məktəblilər, şəhidin yaxınları iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Mərasimdə şəhid Azər Vəliyevin qısa həyat tarixçəsindən xatirələr söylənilib, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən, şəhidlərimizin qanının yerdə qalmadığından danışılıb.
Qeyd olunub ki, Azər Vəliyev 1998-ci il sentyabrın 23-də Orta Ləki kəndində anadan olub. 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. Ötən il sentyabrın 27-də Vətən müharibəsi başlayanda döyüş əməliyyatlarına qatılıb və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirib. Təəssüf ki, oktyabrın 17-də Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
İndi Azər dünyaya göz açdığı kənddəki qəbiristanlıqda uyuyur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.
Şəhid Azər Vəliyevin kəndin girişində tikilən xatirə lövhəsinin açılış mərasimində rayon mədəniyyət mərkəzinin dəstəyi ilə məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.