REGİONLAR
Ağsu rayonunda 78 min nəfərdən çox sakin pulsuz tibbi müayinədən faydalanacaq VİDEO


Ağsu, 16 fevral, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən, fevralın 15-dən respublikamızın hər yerində olduğu kimi, Ağsu rayonunda da əhalinin növbəti pulsuz kütləvi tibbi müayinəsinə başlanılıb.
Rayon mərkəzi xəstəxanasından AZƏRTAC-a bildirilib ki, dövlətimizin başçısının bu humanist təşəbbüsündən rayon üzrə 78 min nəfərdən çox sakin faydalanacaq.
Qeyd edək ki, müayinə rayon mərkəzi xəstəxanasında, Ərəbmehdibəy, Bico, Növcü, Qaraqoyunlu, Kəndoba, Bozavand, Gəgəli, Padar, İlxıçı və Kalva həkim məntəqələrində aparılır. Tibb məntəqələrində lazımi şərait yaradılıb. Təşkil edilən həkim briqadaları tibbi müayinəni tərtib olunan qrafik əsasında keçirirlər. Xüsusi səyyar briqada isə xəstəxana və həkim məntəqələrinə gəlmək imkanı olmayan ahıl və xəstə insanlara evlərində xidmət göstərir.
Rayon üzrə kampaniyanın ilk günündə 650 nəfər, fevralın 16-da isə 912 nəfər, ümumilikdə, iki gündə 1562 nəfər tibbi müayinədən keçib. İki gündə 232 nəfər ambulator, 8 nəfər stasionar müalicəyə cəlb edilib. 6 nəfərə isə Bakı şəhərinə ixtisaslaşdırılan klinikalara göndəriş verilib.