REGİONLAR
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hacıqabulda vətəndaşları qəbul edib VİDEO
Hacıqabul, 20 may, Mahir Babayev, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir, onların müraciətlərinin həlli üçün operativ tədbirlər görürlər.
AZƏRTAC xəbər verir ki, vətəndaşların qəbulu cədvəlinə əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova mayın 20-də Hacıqabuldakı Heydər Əliyev Mərkəzində Şirvan şəhərindən, Hacıqabul, Sabirabad, Saatlı, Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbula gələn sakinlər komitə sədrinə əsasən erkən nikah və boşanmaların yaratdığı problemlər, qadın və uşaq hüquqlarının müdafiəsi, ana və uşaq sağlamlığı ilə əlaqədar müraciətlər ediblər. Müraciətlərin bir çoxu yerindəcə həll edilib, bəzi məsələlər isə araşdırılmaq üçün nəzarətə götürülüb. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlərlə bağlı vətəndaşlara hərtərəfli izahat verilib, icrası nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı bildirilib.
Vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə bu cür qəbulların keçirilməsinə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.
Dövlət komitəsinin sədri Hicran Hüseynova, həmçinin Hacıqabul rayonunun fəal qadınlarının bir qrupu ilə görüşüb.