İQTİSADİYYAT


“Airbnb” şirkəti Çin bazarından gedir

Pekin, 25 may, AZƏRTAC

Turizm məqsədilə qısamüddətli mənzil kirayəsi xidmətləri göstərən “Airbnb” şirkəti Çin bazarındakı fəaliyyətini dayandırmağı qərara alıb. Səbəb Çində COVID-19 pandemiyası ilə əlaqədar tətbiq edilən qadağa və məhdudiyyətlərin başaçatma müddətinin qeyri-müəyyən olmasıdır.

AZƏRTAC xəbər verir ki, şirkətin “Wechat” sosial şəbəkəsindəki rəsmi səhifəsində yerləşdirilmiş məlumatda iyulun 30-dan sonrakı günlərə ev kirayələmə xidmətinin dayandırıldığı bildirilir. “Airbnb China”nın sədri Neytan Bleçarski bildirib ki, şirkət iyulun 30-dan sonra diqqəti Çindən xaricə gedən turistlərə xidmətə yönəldəcək.

Ekspertlər “Airbnb” də daxil olmaqla bir çox şirkətin Çinin lokal qapanmalar və sərhədlərin qapalı saxlanılması da daxil olmaqla müxtəlif qadağa və məhdudiyyətlərə əsaslanan “Sıfır COVID” (“Virussuz həyat”) siyasəti səbəbindən zərərlə üzləşdiyini bildirirlər. Hazırkı “omikron” dalğasında ölkənin işgüzar mərkəzi olan Şanxay və paytaxt Pekin də daxil iri şəhərlərdə tətbiq olunan karantin məhdudiyyətləri şəhərlərarası səyahətləri xeyli məhdudlaşdırıb. Bundan əvvəl, hələ 2020-ci ilin martında isə Çin xaricdən virus axınının qarşısını almaq üçün quru sərhədlərini bağlayıb, ölkəyə xaricdən giriş və beynəlxalq uçuşlar məhdudlaşdırılıb, turist vizalarının rəsmiləşdirilməsi dayandırılıb.

Qeyd edək ki, 2016-cı ildən Çin bazarında fəaliyyət göstərən “Airbnb” platforması vasitəsilə 25 milyondan çox səyahətçi ev kirayələyib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.