İQTİSADİYYAT
“Akkord” jurnalistlər üçün yeni “Maliyyə və iqtisadiyyat təlimi” mövzusunda treninq-seminar keçirəcəkdir
Bakı, 27 noyabr (AZƏRTAC). Azərbaycanın “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC iqtisadiyyat mövzusunda yazan KİV nümayəndələri üçün ötən il təşkil etdiyi “Maliyyə və iqtisadiyyat təlimi” treninq-seminarının davamı olaraq yeni təlim layihəsinə başlayacaqdır.
ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC –a bildirmişlər ki, dekabrın 3-dən 7-dək “Çıraq Plaza”nın 2-ci mərtəbəsində keçiriləcək təlim kursu “Maliyyə haqqında ümumi anlayış”, “mühasibat uçotu nəticəsində yaranan hesabatların növləri”, “maliyyə hesabatlarının məqsədi və istifadəçiləri”, “maliyyə hesabatlarının beynəlxalq standartları (MHBS - IFRS)” və digər mövzuları əhatə edir.
Təlim kursunda iştirak edən və uğurla başa vuran jurnalistlərə müvafiq sertifikatlar təqdim ediləcəkdir. Təlimdə iştirak etmək istəyən jurnalistlərin qeydiyyatına artıq başlanılmışdır və qeydiyyat dekabrın 2-dək davam edəcəkdir.
Qeyd edək ki, “Akkord”un 2011-ci ildə həyata keçirdiyi analoji layihə media orqanları və jurnalistlər tərəfindən böyük maraqla qarşılanmışdır. Ötən ilin dekabrın 19-26-da həmin tədbirdə iştirak edən jurnalistlər mövzularla bağlı geniş və maraqlı bilgilər əldə etmişlər.
Builki layihənin də yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi tədbirlər görülüb. Jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılması məqsədi daşıyan treninqin yüksək peşəkar səviyyədə aparılması üçün tanınmış PricewaterhouseCoopers (PwC) audit və konsaltinq şirkəti cəlb edilmişdir.