CƏMİYYƏT
Əlillik orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi əsasında qiymətləndiriləcək VİDEO
Bakı, 10 iyun, AZƏRTAC
Bu il iyulun 1-dən ölkəmizdə əlillik sahəsində yeni meyarlar tətbiq olunacaq. Yeni meyarlara əsasən, əlillik artıq üç dərəcə üzrə məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi əsasında, daha əhatəli şəkildə qiymətləndiriləcək. Bu zaman şəxsin özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışına nəzarət etmə, öyrənmə və əmək fəaliyyəti üzrə insanın həyat fəaliyyətinin yeddi əsas kateqoriyasının məhdudlaşma dərəcəsi əsas götürüləcək.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov bu gün keçirilən mətbuat konfransında deyib.
Sədr onu da bildirib ki, indiyədək əlillik təyinatına əsas verən 128 xəstəlik müəyyən edilmişdisə, iyulun 1-dən sonra həmin xəstəliklərin sayı 563-ə çatdırılacaq. Bu o deməkdir ki, əlillik təyinatına əsas verən xəstəliklərin sayı 4,4 dəfə artırılır.